“Ben sporcunun zeki, çevik ve ahlaklısını severim”.
Xəbər Yerində Azxəbər-ə istinadən xəbər verir ki, 25 ildir “Fənərbaxça”nın azarkeşi olduğunu bildirən şəxs komandanın “Turan Tovuz”la yoldaşlıq oyununda yaşanan hadisələrə sərt münasibət bildirib.
O, qələbədə də, məğlubiyyətdə də komandasını dəstəklədiyini, lakin ötən gün keçirilən qarşılaşmadan sonra ilk dəfə “Fənərbaxça” sevgisinə görə utandığını qeyd edib.
Azarkeş bildirib ki, qarşılaşmanın yoldaşlıq oyunu olması futbol qaydalarını dəyişmir. Onun sözlərinə görə, hakim qırmızı vərəqə göstəribsə, bu qərar komandaların narazılığı və futbolçuların etirazı ilə dəyişdirilməməlidir.
“Daha da narahatedici məqam odur ki, hakim qərarını verdikdən sonra futbolçuların və texniki heyətin etirazı oyunu 7–10 dəqiqə dayandırır və sonda qırmızı vərəqə alan futbolçunun yerinə başqa oyunçu daxil olaraq matç yenidən 11-ə 11 davam edir”, – deyə o vurğulayıb.
“Söhbət təkcə qırmızı vərəqədən getmir”
Azarkeş hesab edir ki, məsələ yalnız qırmızı vərəqə ilə bağlı deyil.
“Söhbət hakimin meydandakı nüfuzundan və qərarının toxunulmazlığından, eyni zamanda futbol əxlaqından gedir. Hakimə etiraz etmək olar, qərarla razılaşmamaq olar, amma qərarı meydanda kollektiv təzyiqlə dəyişdirmək futbolun ruhuna uyğun deyil, peşəkarlıq heç deyil”, – deyə o bildirib.
O, hakimə qarşı təqlid xarakterli davranışı da tənqid edib və bunu “tərbiyəsizcə davranış” adlandırıb.
“Azarkeş olmaq hər şeyi müdafiə etmək deyil”
25 illik “Fənərbaxça” azarkeşi olduğunu vurğulayan şəxs bildirib ki, komandaya sevgi onun yanlış hesab etdiyi davranışları müdafiə etməsinə səbəb olmamalıdır.
“Qələbə qədər məğlubiyyətin, ulduz olmaq qədər davranışın da məsuliyyətini daşımaq lazımdır. Üstəlik, bu hadisə Turan Tovuzla qarşılaşmada baş verir. Adında Turan olan bir klubun qarşısında Fenerin daha fərqli oyun nümayiş etdirməsini gözləyərdim. Təəssüf”, – deyə o qeyd edib.
O, fikirlərini belə yekunlaşdırıb:
“Azarkeş olmaq hər şeyi müdafiə etmək demək deyil. Əksinə, sevdiyin formanı tənqid etməyi də bacarmaqdır!”

