Dünya futbolunda böyük qarşıdurma: UEFA FIFA-nın yeni qaydalarını qəbul etmir

Dünya futbolunda böyük qarşıdurma: UEFA FIFA-nın yeni qaydalarını qəbul etmir

FIFA-nın Klublararası Dünya Çempionatında sınaqdan keçirdiyi bir sıra yeni hakimlik qaydaları futbolçular, məşqçilər və Avropanın aparıcı futbol qurumları tərəfindən sərt tənqidlə qarşılanıb.

Turnirdə hakimlərə futbolçular arasındakı fiziki təmaslara daha çox imkan tanınması tövsiyə olunub. Təsadüfi əl toxunuşları, hava mübarizələrində baş verən təmaslar və bəzi kobud epizodlar artıq oyunun təbii hissəsi kimi qiymətləndirilir.

Bundan əlavə, FIFA bir sıra yeni qaydalar tətbiq edib:

  • Mübahisə zamanı ağzını əli və ya forması ilə örtən futbolçu birbaşa qırmızı vərəqə ala bilər.
  • VAR-ın səlahiyyətləri genişləndirilib və daha çox epizoda müdaxilə etməsinə şərait yaradılıb.
  • Zədələnən futbolçu tibbi yardım aldıqdan sonra bir dəqiqə meydandan kənarda qalmalıdır.
  • Əvəzetmə prosesi 10 saniyə ərzində başa çatdırılmalıdır. Əks halda komanda müəyyən müddət azlıqda oynayacaq.
  • Etiraz əlaməti olaraq meydanı tərk edən futbolçu qırmızı vərəqə alacaq, komandaya isə texniki məğlubiyyət verilə bilər.

UEFA dəyişiklikləri qəbul etmir

UEFA bu yeniliklərin böyük hissəsini Avropa turnirlərində tətbiq etməyi planlaşdırmır.

Məlumata görə, qurum futbolçunun ağzını örtməsinə görə birbaşa qırmızı vərəqə verilməsini, eləcə də etiraz məqsədilə meydanı tərk edən oyunçulara qarşı nəzərdə tutulan sərt cəzaları məqsədəuyğun hesab etmir.

İngiltərə Premyer Liqası, İspaniya La Liqası, İtaliya A Seriyası və Almaniya Bundesliqası da FIFA-nın yeni hakimlik qaydalarını tətbiq etməyəcəklərini və mövcud hakimlik prinsiplərinə sadiq qalacaqlarını açıqlayıblar.

Mübahisənin arxasında maliyyə maraqları dayanır

Ekspertlərin fikrincə, FIFA ilə UEFA arasında yaranan gərginliyin səbəbi təkcə hakimlik qaydaları deyil.

Bildirilir ki, əsas qarşıdurma dünya futbolunun idarə olunması və milyardlarla dollar həcmində maliyyə axınlarına nəzarət uğrundadır. UEFA hesab edir ki, FIFA yalnız milli komandaların yarışlarını təşkil etməli, klub futbolunun idarə olunmasına müdaxilə etməməlidir.

Xüsusilə FIFA-nın genişləndirilmiş Klublararası Dünya Çempionatını təsis etməsi Avropa futbolunda narazılıq yaradıb. UEFA bu turnirin UEFA Çempionlar Liqasına rəqib kimi formalaşdırıldığını və aparıcı klubların gəlirlərinin bölüşdürülməsinə hesablandığını düşünür.

Futbolçular da narazıdır

Sıx oyun təqvimi də futbol ictimaiyyətində narazılığı artıran əsas amillərdən biri olaraq qalır. Tanınmış futbolçular Rodri və Kevin De Bruyne son illərdə oyun sayının həddindən artıq artdığını bildirərək, bunun futbolçuların sağlamlığı üçün ciddi risk yaratdığını vurğulayıblar.

Bakuws.dən aldığımız xəbərə görə,, UEFA rəhbərliyi artıq 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinoya qarşı alternativ namizəd irəli sürmək imkanını da nəzərdən keçirir.

Beləliklə, hakimlik qaydaları ətrafında başlayan fikir ayrılığı artıq dünya futbolunda idarəçilik və maliyyə maraqları uğrunda daha geniş qarşıdurmaya çevrilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir