Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Lənkəranda 3 yaşlı uşağın fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

Uşaq xəstəxanaya yerləşdirilib
2023-cü il təvəllüdlü oğlan uşağı bu gün saat 05:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-in məlumatına görə, azyaşlıya sağ gözaltı nahiyə, sol qulaq, sifət və kürək nahiyəsində dəqiqləşdirilməmiş qançır diaqnozları qoyulub.
Uşağa zəruri tibbi yardım göstərilib və müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Atalığı döyməkdə şübhəli bilinir
Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib.
İlkin məlumatlarda uşağın valideynlərinin onun digər uşaqlarla oynayarkən xəsarət aldığını bildirdiyi qeyd olunsa da, sonrakı məlumatlarda azyaşlının atalığı tərəfindən döyüldüyü bildirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, uşağın döyülməsində şübhəli bilinən atalığı ilə bağlı polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Ananın valideynlik hüququ məsələsinə baxılır
Dövlət Komitəsinin məlumatına əsasən, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun şəkildə baxılır.
Ananın psixoloji vəziyyəti ilə bağlı isə müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər aparılır və psixoloji dəstək göstərilir.
Dövlət Komitəsi uşaqlara qarşı hər hansı zorakılığın qəbuledilməz olduğunu vurğulayıb və azyaşlının təhlükəsizliyinin, sağlamlığının və hüquqlarının qorunmasının diqqətdə saxlanıldığını bildirib.

