Azərbaycanda saxlanılan beynəlxalq axtarışda olan iki nəfər Özbəkistana təhvil verildi
Özbəkistan Respublikasında beynəlxalq axtarışa verilmiş iki nəfər Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra ekstradisiya edilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, Özbəkistan Baş Prokurorluğunun vəsatəti əsasında həmin ölkənin vətəndaşları – 1981-ci il təvəllüdlü Raxmatullo Nomancanoviç Mirzaalimov və 1976-cı il təvəllüdlü Azamatcon Abduqapparoviç Toxtasinovun cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə onların ekstradisiyası təmin edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmə, eləcə də ağır nəticələrə səbəb olan saxta sənədlərdən istifadə cinayətlərini törətməkdə ittiham olunurlar. Bu səbəbdən onlar beynəlxalq axtarışa elan edilmişdilər.
Bakuwsdən əldə etdiyimiz xəbərə görə, hər iki şəxs 2026-cı ilin aprel ayında Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərar qəbul edilib.
Daha sonra təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.

