Ukraynanın paytaxtı Kiyev və şəhər ətrafında baş verən dron hücumları nəticəsində iki azərbaycanlı həlak olub. Daha bir neçə Azərbaycan vətəndaşının yaralandığı bildirilir.
Xəbər Yerində “Report”dan istinadən xəbər verir ki, Kiyev yaxınlığında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun dron hücumuna məruz qalıb.
Kürdəmir sakini bazarda həlak olub
Hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov “Stolıçnı” kənd təsərrüfatı bazarında ticarətlə məşğul olub.
Həmin hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının yaralandığı bildirilir. Yaralanan şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Lənkəran əsilli azərbaycanlı da həyatını itirib
Digər hadisə isə Kiyevdə dron hücumları zamanı baş verib. 71 yaşlı Aşur Bəhlul oğlu Əkbərov Rusiya ordusunun dron hücumu nəticəsində həlak olub.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan Aşur Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.
Məlumata görə, o, sentyabrın 27-də səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda dron hücumuna məruz qalıb. Nəticədə Aşur Əkbərov hadisə yerində həyatını itirib.
Bildirilir ki, Aşur Əkbərov Ukrayna vətəndaşı olub.

