Azərbaycanda minik avtomobillərinin sayı 2025-ci ildə 90 min 815 ədəd və ya 5,7 faiz artaraq 1 milyon 676 min 80-ə çatıb.
Xəbər Yerində Marja.az-a istinadən xəbər verir ki, 2024-cü ilin sonunda ölkədə 1 milyon 585 min 265 minik avtomobili qeydiyyatda olub.
Statistik göstəricilər avtomobil parkında artımın bütün markalar üzrə eyni səviyyədə olmadığını göstərir. Xüsusilə Çin avtomobil istehsalçılarının Azərbaycandakı sayında yüksək artım qeydə alınıb. Bununla yanaşı, ölkənin avtomobil parkında uzun illər böyük paya sahib olan bəzi VAZ modellərinin sayı azalıb.
Ümumilikdə ayrıca göstərilən markaların 50-də avtomobillərin sayı artıb, 35 markada azalma baş verib, bir markanın göstəricisi isə dəyişməyib.
“Changan”ın sayı bir ildə 4,3 dəfə artıb
2025-ci ildə ən böyük artımlardan biri “Changan” markasında qeydə alınıb.
2024-cü ilin sonunda Azərbaycanda 8 min 950 “Changan” avtomobili olduğu halda, 2025-ci ilin sonunda bu rəqəm 38 min 784-ə yüksəlib.
Beləliklə, bir il ərzində “Changan” avtomobillərinin sayı 29 min 834 ədəd və ya 333,3 faiz artıb. Başqa sözlə, markanın Azərbaycandakı avtomobil parkı 4,3 dəfə böyüyüb.
BYD-lərin sayı 4,8 dəfə çoxalıb
Faiz nisbətində daha yüksək artım BYD markasında qeydə alınıb.
2024-cü ildə ölkədə 4 min 83 BYD avtomobili olduğu halda, 2025-ci ildə onların sayı 19 min 799-a çatıb.
Bu, 15 min 716 avtomobil və ya 384,9 faiz artım deməkdir. Nəticədə Azərbaycandakı BYD avtomobillərinin sayı bir il ərzində təxminən 4,8 dəfə artıb.
JAC və “Tesla” da sürətlə artır
JAC avtomobillərinin sayı 258-dən 916-ya yüksəlib. Artım 658 avtomobil və ya 255 faiz təşkil edib.
“Tesla” markasında isə avtomobillərin sayı 535-dən 1 144-ə çatıb. Bir il ərzində 609 avtomobil və ya 113,8 faiz artım qeydə alınıb.
“Dong Feng” avtomobillərinin sayı da iki dəfə artaraq 557-dən 1 114-ə yüksəlib.
Digər Çin markalarında da artım müşahidə olunub. Belə ki, “GAC”da artım 68,3 faiz, “Geely”də 47,1 faiz, “BAIC”də 33,8 faiz, “Haval”da 24,2 faiz, FAW-da isə 22,8 faiz olub.
Bu göstəricilər Çin avtomobil markalarının Azərbaycanın avtomobil parkında sayını sürətlə artırdığını göstərir.
“Hyundai”, “Toyota” və “KIA”da da artım var
Say baxımından ən böyük artımlardan biri “Hyundai” markasında qeydə alınıb.
“Hyundai” avtomobillərinin sayı 142 min 814-dən 153 min 983-ə yüksəlib. Bu, 11 min 169 avtomobil və ya 7,8 faiz artım deməkdir.
“Toyota” markalı avtomobillərin sayı 115 min 151-dən 124 min 922-yə çatıb. Artım 9 min 771 avtomobil və ya 8,5 faiz olub.
“KIA” avtomobillərinin sayı isə 97 min 753-dən 106 min 962-yə yüksəlib. Beləliklə, bu markanın avtomobil parkı bir il ərzində 9 min 209 ədəd və ya 9,4 faiz artıb.
“Chevrolet” avtomobillərinin sayı 6 min 964 ədəd və ya 12,7 faiz artaraq 61 min 937-yə çatıb.
“Ford” markasında isə avtomobillərin sayı 2 min 806 ədəd və ya 11,4 faiz artaraq 27 min 492 olub.
“Mercedes” ən çox avtomobili olan marka olaraq qalır
2025-ci ilin sonunda Azərbaycanda 222 min 50 “Mercedes” markalı minik avtomobili qeydə alınıb.
2024-cü illə müqayisədə “Mercedes”lərin sayı 1 808 ədəd və ya 0,8 faiz artıb. Bununla da marka ölkədə say baxımından ən böyük avtomobil parkına sahib olaraq qalır.
BMW avtomobillərinin sayı 44 min 584-dən 46 min 904-ə yüksəlib. Artım 2 min 320 avtomobil və ya 5,2 faiz təşkil edib.
“Nissan” markasında isə avtomobillərin sayı 3,6 faiz artaraq 50 min 227-yə çatıb.
Köhnə VAZ-ların sayı azalır
Avtomobil parkındakı dəyişikliklər arasında köhnə VAZ modellərinin sayının azalması da diqqət çəkir.
“VAZ-2101, 03-06” avtomobillərinin sayı 2024-cü ildəki 199 min 68-dən 2025-ci ildə 190 min 874-ə düşüb.
Bu kateqoriyada bir il ərzində 8 min 194 avtomobil və ya 4,1 faiz azalma qeydə alınıb. Say ifadəsində bu, bütün marka və model qrupları üzrə ən böyük azalmalardan biridir.
“VAZ-2105, 2107 və modifikasiyaları”nın sayı 1 567 ədəd və ya 1,2 faiz azalaraq 124 min 902-yə düşüb.
“VAZ-2108, 2109 və modifikasiyaları”nda 709 avtomobil və ya 2,9 faiz, “VAZ-2102, 2104 və modifikasiyaları”nda isə 261 avtomobil və ya 1,8 faiz azalma olub.
Bununla belə, “VAZ-2121 və modifikasiyaları”nın sayı 129 ədəd və ya 0,4 faiz artaraq 36 min 260-a çatıb.
“Opel” və “Daewoo”ların sayı da azalıb
Azərbaycanda geniş yayılmış “Opel” avtomobillərinin sayında da azalma qeydə alınıb.
2024-cü ilin sonunda ölkədə 72 min 44 “Opel” olduğu halda, 2025-ci ilin sonunda bu rəqəm 71 min 507-yə enib. Beləliklə, “Opel”lərin sayı 537 avtomobil və ya 0,7 faiz azalıb.
“Daewoo” avtomobillərinin sayı 443 ədəd və ya 4,1 faiz, “Renault” 208 ədəd və ya 1,6 faiz, “Volkswagen” isə 164 ədəd və ya 0,6 faiz azalıb.
Azərbaycanda avtomobil parkının ümumi sayı 1,9 milyona yaxınlaşıb
Statistik məlumatlar 2025-ci ildə Azərbaycanın avtomobil parkında iki əsas istiqamətin formalaşdığını göstərir.
Bir tərəfdən “Hyundai”, “Toyota”, “KIA”, “Chevrolet” və BMW kimi böyük avtomobil parkına malik markaların sayı artıb. Digər tərəfdən “Changan”, BYD, JAC, “Tesla”, “Geely”, GAC və digər nisbətən yeni markalarda artım daha yüksək templə davam edib.
Bunun fonunda köhnə VAZ, GAZ, “Daewoo”, “Moskviç” və bir sıra digər modellərin sayı azalıb.
Beləliklə, minik avtomobillərinin ümumi sayının 5,7 faiz artması ilə yanaşı, ölkənin avtomobil parkının marka strukturu da dəyişir. Yeni Asiya, xüsusilə Çin markalarının sayı artır, köhnə postsovet avtomobillərinin payı isə azalır.
Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri ilə yanaşı, yük avtomobilləri, avtobuslar və motosikletlər də daxil olmaqla nəqliyyat vasitələrinin ümumi sayı 2 milyona yaxınlaşıb.
2025-ci ilin sonunda ölkədə nəqliyyat vasitələrinin sayı 1 milyon 978 min 316 ədəd olub. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 873 min 405 ədəd təşkil edib.
Beləliklə, bir il ərzində nəqliyyat vasitələrinin ümumi sayı 104 min 911 ədəd və ya 5,6 faiz artıb.
Avtomobillərin sayı 1 milyon 934 mini keçib
2025-ci ilin sonunda Azərbaycanda avtomobillərin ümumi sayı 1 milyon 934 min 598 ədədə çatıb.
2024-cü ildə bu göstərici 1 milyon 833 min 874 ədəd olub. Bir il ərzində avtomobil parkı 100 min 724 ədəd və ya 5,5 faiz böyüyüb.
Minik avtomobillərinin sayı 1 milyon 676 mini ötüb
Minik avtomobillərinin sayı isə 2024-cü ildəki 1 milyon 585 min 265 ədəddən 2025-ci ildə 1 milyon 676 min 80 ədədə yüksəlib.
Nəticədə minik avtomobillərinin sayı bir il ərzində 90 min 815 ədəd və ya 5,7 faiz artıb.

