İsrailin müdafiə naziri İsrael Katz 7 oktyabr 2023-cü il hücumlarında rol aldıqlarını bildirdiyi HƏMAS rəhbərlərinin xaricdə olsalar belə hədəf alınacağını açıqlayıb.
Xəbər Yerində “Haberler”ə istinadən xəbər verir ki, Katz HƏMAS-ın xaricdə yaşayan yüksək səviyyəli rəhbərlərinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib. Nazir ötən il Qətərdə HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən sui-qəsd cəhdinə də toxunaraq, həmin şəxslərin növbəti dəfə xilas ola bilməyəcəklərini deyib.
Katz açıqlamasında “Bir dəfə baş verən nasazlıq səbəbindən xilas oldular. Lakin növbəti dəfə gələcək və onlar da öldürüləcəklər” ifadəsini işlədib.
Şimali Qəzza briqadasının komandiri öldürülüb
İsrail müdafiə naziri yayımladığı video müraciətdə Qəzza zolağında həyata keçirilən son əməliyyatlarla bağlı məlumat verib.
Katz gecə saatlarında həyata keçirilən hücum nəticəsində HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Beykin öldürüldüyünü açıqlayıb.
Nazir bildirib ki, İsrailin HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı əməliyyatları davam edəcək.
“Xaricdəki HƏMAS liderləri də hədəfimizdədir”
Katz İsrailin hədəflərinin yalnız Qəzza zolağında fəaliyyət göstərən HƏMAS rəhbərləri ilə məhdudlaşmadığını vurğulayıb.
“Xaricdəki HƏMAS liderləri də hədəfimizdədir”, – deyə İsrail müdafiə naziri bildirib.
O, 7 oktyabr hücumlarında əsas rol oynadığını qeyd etdiyi şəxslərin təqibinin davam etdiriləcəyini deyib.
Katz həmin şəxslərlə bağlı “7 oktyabr qətliamında əsas rol oynayan bu insanların heç birinin rahat şəkildə ölməsinə icazə verilə bilməz” ifadəsini işlədib.
Qətərdəki sui-qəsd cəhdini xatırlatdı
İsrail müdafiə naziri ötən il Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli rəhbərliyinə qarşı həyata keçirilən sui-qəsd cəhdini də xatırladıb.
2025-ci il sentyabrın 9-da İsrail Dohada HƏMAS-ın danışıqlar heyətinin yerləşdiyi məkana hava zərbəsi endirib. Hücumun hədəfində olan yüksək səviyyəli HƏMAS nümayəndələri isə sağ qalıblar.
Katz həmin hadisəyə toxunaraq, HƏMAS rəhbərlərinin bu dəfə öldürülməməsini “aksaklıq”la əlaqələndirib və növbəti cəhddə onların öldürüləcəyini bildirib.
İsrail xaricdə də HƏMAS üzvlərinə zərbələr endirib
İsrail 7 oktyabr 2023-cü ildə başlayan müharibədən sonra Qəzza zolağından kənarda da HƏMAS-ın siyasi və hərbi rəhbərliyinə qarşı əməliyyatlar həyata keçirib.
Livan, Suriya, İran və Qətərdə HƏMAS-ın yüksək səviyyəli nümayəndələrinin hədəf alındığı hücumlar baş verib.
HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri 2024-cü ilin yanvarında Livanın paytaxtı Beyrutda həyata keçirilən hücum nəticəsində öldürülüb.
HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə isə 2024-cü ilin iyulunda İranın paytaxtı Tehranda öldürülüb.
HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvar da 2024-cü ilin oktyabrında Qəzzanın cənubunda İsrail qüvvələri ilə baş verən qarşıdurma zamanı həyatını itirib.
Katzın son açıqlaması İsrail rəhbərliyinin 7 oktyabr hücumlarında iştirak etdiyini bildirdiyi HƏMAS rəhbərlərinə qarşı əməliyyatların yalnız Qəzza ilə məhdudlaşmayacağı və xaricdə də davam etdirilə biləcəyi barədə mesaj kimi qiymətləndirilir.

