“Ronaldo hər şeyi edib, ona hörmət göstərməlidirlər” – məşhur futbolçudan açıqlama

“Ronaldo hər şeyi edib, ona hörmət göstərməlidirlər” – məşhur futbolçudan açıqlama

Portuqaliyalı məşqçi Jorje Jesusla Kriştiano Ronaldo arasında yaşanan münaqişə gündəmdə qalmaqda davam edir.

Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, Ronaldo ilə bağlı yaranan vəziyyət futbol mütəxəssisləri və veteranların da müzakirəsinə səbəb olub. Fərqli şəxslər həm 41 yaşlı hücumçu, həm də 72 yaşlı baş məşqçi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.

Roy Kin Ronaldonu müdafiə edib

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin Ronaldonun Portuqaliya millisindəki vəziyyəti barədə danışıb.

“Düşünürəm ki, Ronaldo milli komandanı unudub 1000 qola çatmağa diqqət yetirməlidir. O, Portuqaliya üçün hər şeyi edib, amma yenə də ona hörmətsizlik edirlər. Onların kabinetindəki bütün kuboklar Ronaldonun sayəsindədir; o, hər şeyi mümkün edib və onlar ona hörmət göstərməlidirlər”, – deyə Kin bildirib.

Agentdən Ronaldoya sərt sözlər

Portuqaliyalı futbol agenti Paulo Barbosa isə baş verənləri həm kədərli, həm də məyusedici hadisə kimi qiymətləndirib.

O bildirib ki, Ronaldonun milli komandanı tərk etmək qərarı onun Portuqaliya millisindəki karyerasının sonu ola bilər.

Barbosa Ronaldonun baş məşqçi Jorje Jesusun uğursuz nəticələrə görə istefaya göndəriləcəyinə və yeni məşqçinin onu yenidən komandaya dəvət edəcəyinə ümid etdiyini ehtimal edib.

Agent həmçinin komanda daxilində bəzi futbolçuların Ronaldo ətrafında yaranan vəziyyətdən yorulduğunu iddia edib.

Van Bommel Ronaldonu müdafiə edib

Belçika millisinin baş məşqçisi Mark van Bommel isə Ronaldonun mövqeyinə dəstək verib.

“Əgər bir oyunçunu meydana çıxaracağına söz verirsənsə, sözünə əməl etməlisən. Heç vaxt heç kimə oynayacağına söz verməmişəm, çünki nə baş verə biləcəyini heç vaxt bilmirsən. Hətta bir oyunçuya oynamaq şansının yüksək olduğunu desən belə, həmişə seçimlərini açıq saxlamalısan”, – deyə Van Bommel bildirib.

Jurnalist Ronaldonu sərt tənqid edib

Jurnalist Daniel Riolo isə Ronaldonun davranışlarını tənqid edib. O, yaranmış vəziyyəti qeyri-adi hadisə kimi qiymətləndirərək futbolçunun karyerasının son dönəmində belə vəziyyətə düşməsini tənqid edib.

Riolo Ronaldonun komanda yoldaşları ilə ünsiyyətində də problemlər olduğunu iddia edib və futbolçunun özünü digər oyunçulardan fərqli apardığını bildirib.

Ronaldo milli komandanı tərk edib

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisində 234 oyun keçirib və 146 qol vurub. O, 2016-cı ildə Avropa çempionu olub, həmçinin Portuqaliya ilə iki dəfə UEFA Millətlər Liqasını qazanıb.

41 yaşlı hücumçu oktyabrın 1-i gecəsi Danimarka ilə oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib.

Ronaldo ilə Jorje Jesus arasındakı münaqişənin bundan sonra necə davam edəcəyi isə diqqət mərkəzindədir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir