Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, loqoped-psixoloq Türkan Mehdizadəyə müraciət edən iki yaşlı uşağın valideynləri ilə mütəxəssis arasında insident baş verib.
Məlumata görə, uşağın atası Nahid Eyvazov sosial şəbəkədə paylaşım edərək Türkan Mehdizadə və onun əməkdaşı tərəfindən döyüldüyünü iddia edib.
N.Eyvazov bildirib ki, T.Mehdizadənin “TikTok”dakı videolarını gördükdən sonra onunla əlaqə saxlayıb və övladını müalicə üçün mərkəzə gətirib.
Valideynin sözlərinə görə, mübahisə uşağa göstərilən xidmətdən narazılıq fonunda yaranıb. O iddia edib ki, hadisə zamanı həyat yoldaşının dişi sınıb və insident uşağın gözü qarşısında baş verib.
N.Eyvazov həmçinin bildirib ki, mərkəzdə övladının müalicəsi üçün ümumilikdə 650 manat ödəniş edib. Onun sözlərinə görə, bunun 550 manatı xidmət haqqı, 100 manatı isə əlavə ödəniş olub.
Valideyn iddia edib ki, mübahisə zamanı ona qarşı təhqiramiz ifadələr işlədilib və mərkəzin əməkdaşı tərəfindən vurulub. O, qadın olduğu üçün həmin şəxsə qarşılıq vermədiyini söyləyib.
N.Eyvazov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirib.
İddialarla bağlı Türkan Mehdizadə ilə əlaqə saxlamağa cəhd göstərilsə də, cavab almaq mümkün olmayıb.
Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Yasamal rayonunda yerləşən reabilitasiya mərkəzlərindən birində baş verən insidentlə əlaqədar ərazi polis şöbəsində araşdırma başladılıb.
Onun sözlərinə görə, tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

