Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda üzən “Royad Mammadov” yük gəmisində yanğın baş verib.
Rumıniya Dənizçilik İdarəsinin məlumatına görə, hadisə nəticəsində 2 ekipaj üzvü ölüb, 11 nəfər xilas edilib. Gəmi daha sonra batıb.
Məlumata görə, hadisə zamanı gəminin kapitanı da yaralanıb. Xilasetmə əməliyyatına Rumıniyanın sahil mühafizəsi və xilasedici qüvvələri cəlb olunub.
“Royad Mammadov”un Türkiyə ilə əlaqəli olduğu və taxıl daşıdığı bildirilir. Gəminin Ukraynanın İzmail limanından İtaliyaya doğru hərəkət etdiyi barədə də məlumat yayılıb.
İlkin məlumatlarda gəminin pilotsuz uçuş aparatı tərəfindən vurulduğu iddia edilsə də, bu versiya hələlik rəsmi şəkildə təsdiqlənməyib.

