“Xəbər Yerində” F4Media-ya istinadən xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatının üçüncü günündə Azərbaycanı daha üç idmançı təmsil edəcək.
Xədicə Qadaşova (57 kq), Xidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) dünya çempionatında mübarizəyə başlayacaqlar.
Rəqiblər bəllidir
Xədicə Qadaşova 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Colduşeva ilə qarşılaşacaq.
Xidayət Heydərov da mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun rəqibi Kosovonu təmsil edən Akil Qyakya olacaq.
Rəşid Məmmədəliyev isə 1/16 finalda Moldova təmsilçisi Adil Osmanovla Kanadanın cüdoçusu Castin Lemirin görüşünün qalibi ilə üz-üzə gələcək.
Təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərinin keçiriləcəyi final bloku isə saat 18:00-da başlayacaq.
Əhməd Yusifovdan qızıl medal
Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan yığmasının üzvü Əhməd Yusifov 60 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Bu, Azərbaycan cüdosunun böyüklər arasında dünya çempionatları tarixində dördüncü qızıl medalıdır. Eyni zamanda, 60 kq çəki dərəcəsində Azərbaycan cüdoçularının qazandığı ilk dünya çempionluğu olub.
Dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

