ABŞ-ın Miçiqan ştatında qaraj satışından cəmi 30 dollara alınan köhnə tablo uzun illər sonra böyük sənət əsəri kimi üzə çıxıb.
Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, köhnə musiqi plastinkaları axtaran kolleksiyaçı qaraj satışında diqqətini çəkən tozlu bir tablo alıb. Əsərin arxasındakı imzanı araşdıran kolleksiyaçı onun məşhur rəssam Gertrude Abercrombieyə məxsus olduğunu müəyyənləşdirib.
70 il əvvəl itkin düşmüşdü
Kolleksiyaçı tablonun kimliyini Milwaukee İncəsənət Muzeyinin arxiv sənədləri və 1952-ci ildə dərc olunmuş qəzet fotosu ilə müqayisə edərək dəqiqləşdirib.
Əsərin orijinallığı sənət tarixi üzrə mütəxəssis, professor Susan Weininger tərəfindən də təsdiqlənib.
“Alderman Merriam’s Shells” adlı əsər taxta panel üzərində yağlı boya ilə çəkilib. Məlumata görə, tablo 1952-ci ildə həkim John T. Reynoldsa göstərdiyi tibbi xidmətin qarşılığında verilib.
Əsər 1953-cü ildə sərgidə nümayiş etdirildikdən sonra yoxa çıxıb. Bundan sonra uzun illər sənət dünyasında itkin əsər kimi tanınıb.
Həkimin ölümündən sonra onun əşyalarının qaraj satışında satılması isə qiymətli tablonun yenidən ortaya çıxmasına səbəb olub.
Tablo bərpa edildi
İllər ərzində üzərində qalın kir və köhnəlmiş lak təbəqəsi yaranan əsər Çikaqoda fəaliyyət göstərən Baumgartner Fine Art Restoration mərkəzinə göndərilib.
Burada mütəxəssis Julian Baumgartner tərəfindən bərpa edilən tablo ilkin görünüşünə qaytarılıb.
30 dollarlıq tablo milyon dollara satıldı
Bərpadan sonra əsər Nyu-Yorkdakı Freeman’s | Hindman hərrac evində satışa çıxarılıb.
Tablonun əvvəlcə 150-250 min dollar arasında qiymətə satılacağı proqnozlaşdırılıb. Hərrac isə 80 min dollardan başlayıb.
Gərgin təklif mübarizəsinin sonunda əsərin özü 1,06 milyon dollara satılıb. Komissiya və digər ödənişlər nəzərə alındıqdan sonra yekun satış məbləği 1 milyon 352 min 600 dollar təşkil edib.
Beləliklə, qaraj satışından cəmi 30 dollara alınan və təxminən 70 il itkin hesab edilən tablo sahibinə milyon dollardan çox gəlir qazandırıb.
Sənət tənqidçiləri qaranlıq fonda dəniz qabıqlarının təsvir olunduğu əsəri Gertrude Abercrombienin sürrealist yaradıcılığa keçid dövrünün mühüm nümunələrindən biri hesab edirlər.

