Məktəblərdə forma qaydalarını pozanlara qarşı tədbirlər görülür

Məktəblərdə forma qaydalarını pozanlara qarşı tədbirlər görülür

Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb. Bir sıra Bakı məktəblərində qaydalara uyğun geyinməyən şagirdlərlə söhbətlər aparılıb, valideynlər məktəbə dəvət olunub.

Xəbər Yerində APA-ya isrinadən xəbər verir ki, monitorinqlər çərçivəsində məktəb rəhbərlikləri şagirdlər və valideynlərlə profilaktik və maarifləndirici söhbətlər təşkil edirlər.

Məktəbli geyimlərinə dair tələblər yenidən diqqətdədir

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrinin şagirdlərinin geyim formalarının təsvirlərinə dəyişiklik edilib. Qaydalara əsasən, təsdiqlənmiş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərinə icazə verilmir.

Milli geyimlərdən və onların elementlərindən isə Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı əsasında istifadə oluna bilər.

46 nömrəli məktəbdə valideynlərə xəbərdarlıq edilib

Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə şagirdlərin məktəbli formasına uyğun geyinməsinə nəzarət edilir. Qaydalara uyğun geyinməyən şagirdlərlə fərdi söhbətlər aparılır, zərurət yarandıqda valideynlər məktəbə çağırılır.

9-cu sinif şagirdinin valideyni Turanə Bayramova vahid məktəbli formasını dəstəklədiyini, lakin bəzi uşaqların bədən quruluşuna görə geyim seçərkən çətinlik yaşadığını bildirib. Onun sözlərinə görə, artıq çəkili olan qızı boz şalvarın onu daha dolu göstərdiyini düşündüyü üçün qara şalvar geyinib. Buna görə məktəbə çağırılan valideynə qaydalar izah edilib və o, bundan sonra tələblərə əməl edəcəklərini deyib.

11-ci sinif şagirdinin valideyni İnci Kərimova da qızının müəyyən edilmiş formaya uyğun şalvarı hələ almadığı üçün başqa geyimdə məktəbə gəldiyini bildirib. Onun sözlərinə görə, qızı dərsə buraxılmayıb və valideynə mövcud tələblər barədə məlumat verilib. Kərimova vahid formanın nizam-intizam və bərabərlik baxımından əhəmiyyətini müsbət qiymətləndirib.

Birinci sinif şagirdinin valideyni Aysel İbrahimova isə şagirdlərin geyimləri ilə yanaşı, görünüşlərinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, müəllimlərin də peşələrinə uyğun geyinməsinin uşaqlara nümunə baxımından əhəmiyyət daşıdığını bildirib.

Məktəbdə ümumilikdə 1 180 şagird təhsil alır.

152 nömrəli məktəbdə psixoloq və həkim də söhbətlərə qoşulub

152 nömrəli tam orta məktəbdə də geyim qaydalarına uyğun gəlməyən formada gələn şagirdlərlə profilaktik iş aparılır. Belə şagirdlər xüsusi ayrılmış otaqlara dəvət edilir, məktəbin psixoloqu və həkimi onlarla maarifləndirici söhbətlər aparır. Zəruri hallarda geyim və aksesuarların daxili qaydalara uyğunlaşdırılmasından sonra şagirdlər dərslərə buraxılırlar.

Bu məktəbdə də ehtiyac yarandıqda valideynlər çağırılır və onlara müəyyən edilmiş tələblər izah olunur.

138 nömrəli məktəbdə müəllim və şagirdlərlə bağlı tədbir görülüb

Xətai rayonundakı 138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq Mirheydərli geyim qaydalarını pozan şagirdlər və onların valideynləri ilə söhbət apararaq qərarın mahiyyətini izah edib.

Məlumata görə, geyim qaydalarına əməl etməyən müəllimlər və şagirdlər dərsə buraxılmayıblar.

189-190 nömrəli məktəbdə dərslər davam edib

Bakı şəhər 189-190 nömrəli tam orta məktəbdə də vahid məktəbli forması geyinməyən şagirdlərlə profilaktik söhbətlər aparılıb. Onlara vahid formanın əhəmiyyəti, məktəbdaxili qaydalara əməl edilməsi və təhsil mühitində bərabərliyin qorunması barədə məlumat verilib.

Məktəbdə tədris prosesi adi qaydada davam edib və aparılan söhbətlər dərslərə mane olmayıb.

Ümumilikdə, valideynlər vahid məktəbli formasının tətbiqini nizam-intizamın və məktəb mühitində bərabərliyin qorunması baxımından müsbət qiymətləndiriblər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir