Rusiyanın Kiyevə dron hücumu nəticəsində 25 mərtəbəli yaşayış binasına zərbə endirilib. Hadisə nəticəsində ölənlər və yaralananlar var.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatı paytaxtın Darnitski rayonunda yerləşən binanın 12-ci və 16-cı mərtəbələri arasına düşüb. Zərbədən sonra binanın həyətində avtomobillər yanmağa başlayıb. Hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub.
Ölənlərin sayı ilə bağlı açıqlama verildi
Kiyev Şəhər Hərbi Administrasiyasının ilkin məlumatına görə, hücum nəticəsində bir qadın həyatını itirib, dörd nəfər isə xəsarət alıb.
Daha sonra Kiyev meri Vitali Kliçko yaralıların sayının 11-ə çatdığını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə son açıqlamasında binaya “Şahed” tipli dronla endirilən zərbə nəticəsində iki nəfərin həlak olduğunu bildirib.

