Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, müəllim Ülkər Verdiyeva Bişkek şəhərində Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dilini tədris edir.
Müəllimin göndərilməsi xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.
Azərbaycan dili dərsləri necə keçirilir?
Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Tədris prosesində Azərbaycan dilinin öyrədilməsi ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri haqqında materiallardan da istifadə edilir.
Layihənin məqsədi nədir?
Layihənin əsas məqsədi şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, Azərbaycan haqqında məlumatlılığı artırmaq, dilimizi və mədəni irsimizi xarici ölkələrdə tanıtmaqdır.
Qırğızıstana ilk dəfə Azərbaycan dili müəlliminin göndərilməsi iki ölkə arasında təhsil və mədəni əlaqələrin inkişafı, eləcə də xaricdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.

