Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında dəniz minası ilə toqquşan supertankerdə güclü partlayış baş verdiyini və gəminin alovlandığını açıqlayıb.
SEPAH-ın məlumatına görə, tanker 2 milyondan çox barel xam neft daşıyıb. Bildirilib ki, gəmi bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə çalışıb.
Məlumata əsasən, gəminin dəniz minası ilə toqquşmasından sonra güclü partlayış baş verib və yanğın başlayıb.
SEPAH bəyanatında Hörmüz boğazının bağlı olduğunu vurğulayaraq, İranın boğazla bağlı qaydalarına əməl etməyən gəmiləri sərt şəkildə hədələyib.
“Hörmüz boğazı bağlıdır. İranın boğazla bağlı qaydalarına tabe olmayan gəmilərin aqibəti ABŞ ordusuna etimadın alovunda yanmaqdır”, – deyə bəyanatda bildirilib.

