Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Müdafiə Nazirliyinin binasına zərbə endirdiklərini iddia ediblər.
Xəbər Yerində xəbər verir ki, bu barədə beynəlxalq KİV məlumat yayıb.
Məlumata görə, husilər oktyabrın 22-də açıqlama yayaraq son 48 saat ərzində Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı dörd hərbi əməliyyat keçirdiklərini bildiriblər.
Qrupun iddiasına əsasən, hücumlar Ər-Riyadda Müdafiə Nazirliyinin binasını, Dammam şəhərindəki Kral Fəhd Beynəlxalq Hava Limanını, Abha Beynəlxalq Hava Limanını və Yanbu şəhərindəki “Saudi Aramco” şirkətinə məxsus obyekti əhatə edib. Hücumlarda ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilir.
Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad bölgəsində pilotsuz uçuş aparatının ələ keçirilərək məhv edildiyini açıqlayıb.
Husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirməsi ilə bağlı iddiaların nəticələri müstəqil şəkildə təsdiqlənməyib.

