Paytaxt Bakı bu günlərdə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edir. Şəhərdə tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir.
Xəbər Yerində Azxəbər.com-a istinadən xəbər verir ki, yarışda dünyanın 189 ölkəsində FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Turnirə ümumilikdə 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxs qatılıb.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçiriləcək
Yarış proqramına təxminən 1000 futbol oyunu daxildir. Qarşılaşmaların böyük hissəsinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün zəruri hazırlıq işləri aparılıb.
Qısa müddətdə inşa edilən kompleksdə 10 futbol meydançası yaradılıb. Meydançalar eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək şəkildə hazırlanıb.
Bundan əlavə, yarışın təşkili və iştirakçıların ehtiyaclarının təmin olunması üçün kompleksdə lazımi infrastruktur qurulub.

