“WhatsApp” və “WhatsApp Business” istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları artıb.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Agentlik mövcud riskləri azaltmaq üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
İstifadəçilərə aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək tövsiyə olunur:
1. Bağlı cihazları dərhal yoxlayın
“WhatsApp” tətbiqində “Bağlı cihazlar” bölməsinə daxil olaraq tanımadığınız bütün cihazlardan çıxış edin. Hesabınız öz telefonunuzda işləsə belə, başqa bir cihaz vasitəsilə də istifadə oluna bilər.
2. İkimərhələli təsdiqləməni aktivləşdirin
Tətbiqin ayarlarından ikimərhələli təsdiqləməni aktivləşdirin və hesabın bərpası üçün təhlükəsiz elektron poçt ünvanı əlavə edin.
3. Təsdiq kodlarını heç kimlə paylaşmayın
SMS-lə göndərilən təsdiq kodunu, cihaz bağlantısı kodunu və təhlükəsizlik PIN-kodunu heç kimə verməyin. Özünüz başlatmadığınız giriş sorğularını təsdiqləməyin.
4. Saxta QR-kodlara və bildirişlərə aldanmayın
“Hesabınız bağlanacaq”, “biznes hesabınızı təsdiqləyin” və ya “dəstək xidməti” adı ilə göndərilən şübhəli keçidlərə etibar etməyin. QR-kodları yalnız etibarlı və rəsmi platformalar vasitəsilə skan edin.
5. Tətbiqi və telefonu yeniləyin
“WhatsApp” və “WhatsApp Business” tətbiqlərini yalnız rəsmi tətbiq mağazalarından yükləyin. Telefonun və tətbiqin yeniləmələrini vaxtında quraşdırın, yeni cihaz bağlantılarına nəzarət edin.
6. Biznes hesablarının təhlükəsizliyini qoruyun
Biznes hesablarına çıxışı yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırın. İşdən ayrılan əməkdaşların giriş hüquqlarını dərhal ləğv edin.
7. Şübhəli vəziyyətdə dərhal tədbir görün
Hesabınıza müdaxilə edildiyindən şübhələnirsinizsə, tanımadığınız cihazlardan çıxış edin. Hesaba girişi itirdikdə telefon nömrənizi rəsmi “WhatsApp” tətbiqində yenidən qeydiyyatdan keçirin. Əlaqələrinizi də adınızdan göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə xəbərdar edin.
Agentlik xüsusi olaraq vurğulayır ki, ikimərhələli təsdiqləmənin aktivləşdirilməsi hesabda artıq mövcud olan icazəsiz girişi avtomatik aradan qaldırmır. Buna görə də bağlı cihazların ayrıca yoxlanılması vacibdir.

