Kiyevdə azərbaycanlıları aldadan kiberdələduzluq şəbəkəsi ifşa edildi – VİDEO

Kiyevdə azərbaycanlıları aldadan kiberdələduzluq şəbəkəsi ifşa edildi – VİDEO

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşlarının bank kartlarından pul vəsaitlərini ələ keçirən beynəlxalq kiberdələduzluq şəbəkəsinin üzvləri saxlanılıb. Əməliyyat zamanı 11 nəfər, o cümlədən şəbəkənin beynəlxalq axtarışda olan əsas təşkilatçıları tutulub və Azərbaycana gətirilib.

Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Ukrayna polisi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşlarının pullarını ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.

Saxta iş elanları ilə şəbəkəyə üzvlər cəlb ediblər

Araşdırmalar zamanı müəyyən olunub ki, cinayətkar qrup Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında fəaliyyət göstərən qanunsuz “Call Center”lər yaradıb.

Şəbəkəyə yeni şəxslərin cəlb edilməsi üçün “Telegram” platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları paylaşılıb. Bu yolla bəzi ölkə vətəndaşları Ukraynada qanunsuz fəaliyyət göstərən mərkəzlərdə işləməyə cəlb olunublar.

“Call Center” əməkdaşları əvvəlcədən hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər.

Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim ediblər. Vətəndaşlara bank hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar verilib.

Bəzi hallarda isə insanları aldatmaq üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərindən istifadə olunub.

Vətəndaşları qorxuya salaraq pullarını ələ keçiriblər

Cinayətkarlar yaratdıqları təşvişdən və insanların asan qazanc əldə etmək istəyindən yararlanaraq onları tələsik qərarlar verməyə sövq ediblər.

Nəticədə zərərçəkənlərdən pullarını guya təhlükəsiz hesablara köçürmələri, bank kartlarının məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamaları tələb olunub.

Şəbəkənin əsas təşkilatçıları da saxlanılıb

Ukrayna Daxili İşlər Nazirliyi ilə birgə keçirilən əməliyyat nəticəsində Kiyevdə fəaliyyət göstərən qanunsuz “Call Center”lərdə çalışan 11 nəfər saxlanılıb.

Tutulanlar arasında şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov da var. Onlar Azərbaycana gətiriliblər.

Araşdırmalar zamanı Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyevin də şəbəkənin fəaliyyətində iştirak etdiyi müəyyən edilib.

Həmin şəxslərin xaricdəki qrup üzvləri ilə “Telegram” vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən pulların leqallaşdırılmasında iştirak etdikləri bildirilir.

Onlar ələ keçirilən vəsaitləri öz istifadələrində olan bank kartı hesablarında toplayıb, razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan pulu kriptovalyutaya çevirərək xaricə göndəriblər.

Cinayət işi başlanılıb

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. Şəbəkənin əsas təşkilatçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir