Xəbər Yerində Qafqazinfo-a istinadən xəbər verir ki, “Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və satış müdiri Tərlan Qasımzadə həbs olunublar.
Onlar işçini döyməkdə və hədə-qorxu yolu ilə ondan pul tələb etməkdə təqsirləndirilirlər.
Mağaza müdirindən 88 min manat istəyiblər
İttihama görə, Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədə fəaliyyət göstərən “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə olunan vəsaiti mənimsəməkdə ittiham ediblər.
Bundan sonra onlar mağaza müdirini döyərək, müxtəlif vasitələrlə hədələyiblər. Şirkətə vurulduğu iddia edilən ziyana görə işçidən 88 min manat tələb olunub.
Zərərçəkmiş şəxsin polisə müraciətindən sonra şirkət rəhbəri və satış müdiri saxlanılıblar.
Hər ikisi 4 ay müddətinə həbs edilib
Rəhman Məmmədov və Tərlan Qasımzadəyə qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Dünən axşam məhkəmənin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Omid” təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı ilə məşğul olan böyük mağazalar şəbəkələrindən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və ölkənin müxtəlif rayonlarında 100-ə yaxın filialı fəaliyyət göstərir.

