Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Milli mətbuatın yaranmasından 151 il ötür.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub. Cəmi 56 nömrəsi işıq üzü görən qəzet milli oyanışın, maarifçiliyin və ictimai fikrin formalaşmasında mühüm rol oynayıb.
Ötən illər ərzində Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələlərindən keçərək cəmiyyətin informasiya təminatında, ictimai rəyin formalaşmasında və milli dəyərlərin təbliğində mühüm missiya yerinə yetirib. Müstəqillik illərində isə söz və məlumat azadlığının təmin olunması, medianın inkişafı istiqamətində bir sıra mühüm addımlar atılıb.
Milli Mətbuat Günü münasibətilə ölkənin media nümayəndələri, jurnalistlər və bu sahədə çalışan bütün əməkdaşlar təbrik edilir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

