Aylar əvvəl baş verən sürüşmənin qarşısı hələ də alınmayıb

Aylar əvvəl baş verən sürüşmənin qarşısı hələ də alınmayıb

“Xəbər Yerində” Oxu.Az-a istinadən xəbər verir ki, aprelin 11-də Bakının Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının həyətyanı sahəsinin yamac hissəsində baş verən torpaq sürüşməsi ilə bağlı problem hələ də həllini tapmayıb.

İntensiv yağışlar nəticəsində yaranan sürüşmə zamanı torpaq kütləsi aşağı istiqamətdə hərəkət edib və bir neçə avtomobil torpaq altında qalıb.

İstinad divarı tikiləcəyi açıqlanmışdı

Hadisədən sonra əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Xətai Rayon İcra Hakimiyyəti ərazidə istinad divarlarının tikilməsi ilə bağlı qərar qəbul edildiyini və yaxın zamanda işlərə başlanılacağını açıqlayıb.

Fövqəladə Hallar Nazirliyi də zəruri sənədləşdirmə işlərinin aparıldığını, istinad divarının tikintisi ilə bağlı layihənin hazırlandığını və layihənin icrasına yaxın zamanda başlanılmasının nəzərdə tutulduğunu bildirib.

Sakinlər: “Heç bir iş görülməyib”

Lakin həmin ünvanda yaşayan sakinlər bildiriblər ki, aprelin 11-dən etibarən ərazidə heç bir iş aparılmayıb və sürüşmə sahəsi hasarlanmayıb.

Sakinlərin sözlərinə görə, avqustun 3-də istinad divarının tikintisinə tezliklə başlanılacağı bildirilsə də, indiyədək ərazidə hər hansı iş görülməyib.

Onlar torpaq sürüşməsinin davam etdiyini və təhlükəli ərazinin getdikcə genişləndiyini qeyd ediblər.

“Torpaq hər gün tökülür və sürüşmə sahəsi getdikcə genişlənir. Aidiyyəti qurumların planlaşdırılan işlərin nə vaxt həyata keçiriləcəyi ilə bağlı məlumat verməsini və problemin həlli istiqamətində tədbir görülməsini xahiş edirik”, – sakinlər bildiriblər.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir