Azərbaycanlı professor Çingiz Abdullayevin Türkiyəyə səfəri çərçivəsində İstanbul və Ankarada elmi-mədəni görüşlər, kitab təqdimatları və müzakirələr təşkil olunub.
Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, universitetlərin dəvəti ilə reallaşan səfər zamanı professorun müəllifi olduğu “Kardeş Ülkeler”, “Türkiye’nin Çok Kültürlü Muhiti” və “Türk İzlerinin Avrupa Haritası” kitablarının təqdimatları keçirilib.





Universitetlərdə kitab təqdimatları
İstanbulda “Özyeğin” Universitetində, Ankarada isə Ankara Sosial Elmlər Universitetində təşkil olunan tədbirlərdə universitetlərin alimləri və tələbələri iştirak ediblər.
Təqdimatlar zamanı kitablarda əksini tapan mövzular ətrafında fikir mübadiləsi aparılıb, əsərlərin əsas istiqamətləri barədə müzakirələr keçirilib.
Görüşlərdə həmçinin Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunan silsilə tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan-Türkiyə elmi əlaqələri müzakirə olunub
Tədbirlərdə bildirilib ki, kitab təqdimatları yalnız əsərlərin geniş oxucu auditoriyasına çatdırılması baxımından deyil, Azərbaycan və Türkiyə arasında elmi və mədəni əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir.
İstanbulda keçirilən təqdimatlarda Türk-Alman Universitetinin alimlərinin iştirakı gələcəkdə birgə elmi və mədəni layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün də imkan yaradıb.
Bu görüşlərin Azərbaycan, Türkiyə və Almaniya arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsinə, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyi bildirilib.
Ankarada beynəlxalq konfrans
Professor Çingiz Abdullayev Ankarada keçirilən beynəlxalq konfransa da dəvət olunub.
Səfər çərçivəsində o, “Çanakkale Onsekiz Mart” Universitetinin professoru Vedat Çalışkan ilə birlikdə bir sıra görüşlər keçirib.
Həm “Özyeğin” Universitetinin, həm də Ankara Sosial Elmlər Universitetinin rəhbərliyinin azərbaycanlı alimin elmi və yaradıcılıq fəaliyyətinə göstərdiyi diqqət xüsusi vurğulanıb.
Türkiyənin müxtəlif universitetlərində baş tutan təqdimat və görüşlər professor Çingiz Abdullayevin Azərbaycan və Türkiyə arasında akademik, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfə kimi qiymətləndirilib.

