Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu yollarda hərəkət intensivliyinin artacağı ilə əlaqədar sürücülərə müraciət edib.
Xəbər Yerində xəbər verir ki, bu barədə BDYPİ-dən məlumat verilib.
Görünüş məsafəsi azala, əyləc yolu uzana bilər
İdarədən bildirilib ki, xüsusilə gecə və səhər saatlarında yağışlı və dumanlı hava yollarda görünüş məsafəsini azalda bilər. Yaş yol örtüyü isə nəqliyyat vasitəsinin idarə olunmasını çətinləşdirir və əyləc məsafəsinin uzanmasına səbəb olur.
Belə şəraitdə yol nişanlarını, nişanlama xətlərini və digər hərəkət iştirakçılarını vaxtında görmək çətinləşdiyindən sürücülərin daha diqqətli və ehtiyatlı olmaları vacibdir.
Sürücülərə tövsiyələr verildi
Yağışlı hava şəraitində həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alan BDYPİ sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edib.
Sürücülərə aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:
- Sürət həddini yolun və görünüşün vəziyyətinə uyğun seçmək;
- Təhlükəsiz ara məsafəsini qorumaq;
- Texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxmamaq;
- Ötmə və manevr zamanı ehtiyatlı olmaq;
- Dayanma və durma yerlərini seçərkən təhlükəsizlik tələblərinə ciddi əməl etmək.
BDYPİ vurğulayıb ki, yollarda diqqətli və məsuliyyətli davranış bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
İdarə sürücüləri verilən tövsiyələrə ciddi yanaşmağa, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alaraq hərəkət etməyə çağırıb.

