Formula 1-in Bakı hesabı: Gəlir çoxdur, yoxsa xərc?

Formula 1-in Bakı hesabı: Gəlir çoxdur, yoxsa xərc?

Xəbər Yerində Modern.az-a istinadən xəbər verir ki, Formula 1-in Bakı mərhələsi hər il minlərlə xarici turistin Azərbaycana gəlməsinə səbəb olan iri beynəlxalq tədbirlərdən biridir. Yarışın təşkili müəyyən maliyyə və təşkilati xərclər tələb etsə də, turist axını, hotellərin doluluğu, restoranlar, nəqliyyat, ticarət və digər xidmət sahələrində yaranan əlavə dövriyyə tədbirin iqtisadi təsirini gündəmə gətirir.

Bu dəfə Formula 1-in ölkə iqtisadiyyatına təsirini və yarışın yaratdığı maliyyə yükünü rəqəmlər əsasında araşdırılıb.

Turist axını 87 faiz artıb

İqtisadçı Akif Nəsirli Modern.az-a açıqlamasında bildirib ki, Mastercard-ın məlumatlarına əsasən, Azərbaycan Qran-prisi həftəsində beynəlxalq gəlişlərin sayı əvvəlki dövrlə müqayisədə 87 faiz yüksəlib.

Onun sözlərinə görə, həmin dövrdə turistlərin xərcləri 77 faiz, əməliyyatların sayı isə 85 faiz artıb. Mastercard da 2025-ci ildə açıqladığı məlumatlarda Qran-pri həftəsində beynəlxalq gəlişlərin 87 faiz, xərcləmə həcminin 77 faiz artdığını və əməliyyat sayında 85 faizlik yüksəliş olduğunu bildirib.

Nəsirli qeyd edib ki, hotel bronları iki dəfədən çox artıb, restoranlara edilən xərclərdə isə 140 faizdən artıq yüksəliş qeydə alınıb.

Mastercard-ın məlumatında hotel xərclərinin 127 faiz, restoran xərclərinin isə 141 faiz artdığı göstərilir.

Formula 1-in iqtisadi təsiri 277,3 milyon dollar olub

İqtisadçının sözlərinə görə, Bakı Şəhər Halqasının açıqladığı PwC araşdırmasında 2016-cı ildən Bakıda keçirilən ilk iki Qran-prinin ümumi birbaşa və dolayı iqtisadi təsiri 277,3 milyon dollar qiymətləndirilib.

Bu məbləğin 164,2 milyon dolları birbaşa, 113,1 milyon dolları isə dolayı iqtisadi gəlirlərin payına düşüb.

Nəsirlinin təqdim etdiyi rəqəmlərə əsasən, birbaşa gəlirlər üzrə 22,7 milyon dollar, dolayı gəlirlər üzrə isə 14,9 milyon dollar turizm sektorunun payına düşüb.

Bakı Şəhər Halqasının PwC araşdırması da Formula 1-in şəhər iqtisadiyyatına 277,3 milyon dollarlıq ümumi təsirini göstərir. Hesablamaya hotellər və yerləşdirmə, iaşə, nəqliyyat, peşəkar xidmətlər, ticarət və digər sahələrdə yaranan birbaşa və dolayı iqtisadi təsirlər daxil edilib.

Hotellər və xidmət sektoru da qazanır

Akif Nəsirli bildirib ki, Formula 1 zamanı hotel sektorunda aktivliyin artması üçün ciddi əsaslar var.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda xarici turistlərin hotel gecələmələri 11,3 faiz artıb və bu gecələmələrin 81,1 faizi Bakının payına düşüb.

İqtisadçı hesab edir ki, Bakıda hotel otaqlarından istifadə səviyyəsinin 36,9 faiz olması Formula 1 kimi kütləvi tədbirlərin mövcud boş tutumun bir hissəsini qısa müddətdə doldurmasına imkan verir.

2025-ci il Qran-prisi zamanı 14 mindən çox xarici turistin Bakıya gəldiyi bildirilmişdi. Həmin il biletlər 100-dən çox ölkədən alınıb və yarış həftəsonunda 90 mindən çox tamaşaçı iştirak edib.

2026-cı ildə isə xarici qonaqların sayı daha da yüksəlib. Baku City Circuit-in məlumatına görə, yubiley Qran-prisi ilə əlaqədar Bakıya gələn xarici turistlərin sayı 16 mini keçərək rekord həddə çatıb.

İqtisadi təsir yalnız biletlər və hotellərlə məhdudlaşmır

Akif Nəsirli vurğulayıb ki, Formula 1-in iqtisadi təsirini yalnız bilet satışları və hotel gəlirləri ilə ölçmək düzgün deyil.

Onun sözlərinə görə, xarici turistlərin restoran, ictimai nəqliyyat, avtomobil icarəsi, alış-veriş, əyləncə və digər xidmətlərə xərcləri də əlavə iqtisadi dövriyyə yaradır.

Bununla yanaşı, yarışın təşkili zamanı logistika, təhlükəsizlik, texniki xidmət, reklam və digər sahələrdə də əlavə iqtisadi aktivlik formalaşır.

“277,3 milyon dolları dövlət büdcəsinin gəliri kimi təqdim etmək olmaz”

İqtisadçı hesab edir ki, Formula 1-in yaratdığı iqtisadi təsirlə tədbirin təşkilinə çəkilən xərclər bir-birindən fərqləndirilməlidir.

“Lakin 277,3 milyon dolları dövlət büdcəsinə daxil olan və ya xalis mənfəət kimi təqdim etmək olmaz. Bu rəqəm birbaşa və dolayı iqtisadi təsiri ifadə edir. Formula 1-in real maliyyə səmərəsini müəyyənləşdirmək üçün təşkilati və infrastruktur xərcləri, təhlükəsizlik, yolların bağlanması ilə bağlı mümkün biznes itkiləri və digər xərclər də nəzərə alınmalıdır. Buna görə əsas məsələ Formula 1-in yaratdığı iqtisadi dövriyyənin onun təşkilinə çəkilən ümumi xərclərlə müqayisəsidir”, – deyə Akif Nəsirli bildirib.

2026-cı ildə 16 mindən çox xarici turist

Bakı Şəhər Halqasının mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Qran-prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı 16 mini keçib.

Qurumun açıqlamasında qeyd olunur ki, ötən il yalnız Formula 1 yarışını izləmək məqsədilə Azərbaycana 14 mindən çox xarici turist səfər edib. 2024-cü ildə aparılan araşdırmaya əsasən, bilet alan azarkeşlərin 77 faizi xarici ölkələrdən olub və onların 93 faizi Bakıya məhz Qran-prini izləmək üçün gəlib.

Tamaşaçı tutumu 21 mini keçib

Artan tələbat nəzərə alınaraq Bakı Şəhər Halqasında yeni tribuna istifadəyə verilib. Bununla ümumi tamaşaçı tutumu 21 mini ötüb.

Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və ümumi tutum 6 mindən çox yer artırılıb. 2025-ci ilin yarış həftəsonunda isə 90 mindən artıq iştirak qeydə alınıb.

Minlərlə insan yarışın təşkilinə cəlb olunur

Bakı Şəhər Halqasının məlumatına görə, Formula 1-in hazırlanması və yarışdan sonra qurğuların sökülməsi mərhələsində 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı çalışır.

Yarış həftəsi ərzində isə tədbirin təşkilinə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal cəlb olunur.

Bu göstəricilər Formula 1-in yalnız yarış həftəsində deyil, hazırlıq və demontaj mərhələlərində də müxtəlif sahələrdə məşğulluq və iqtisadi aktivlik yaratdığını göstərir.

Formula 1-in Bakıya real maliyyə yükü nə qədərdir?

Beləliklə, mövcud rəqəmlər Formula 1-in Azərbaycanda turist axınına və xidmət sektorunda dövriyyəyə ciddi təsir etdiyini göstərir. Bununla belə, 277,3 milyon dollarlıq rəqəm Formula 1-in dövlət üçün xalis maliyyə gəliri deyil, PwC tərəfindən hesablanmış birbaşa və dolayı iqtisadi təsirdir.

Yarışın dövlət və təşkilatçılar üçün real maliyyə nəticəsini müəyyən etmək üçün Qran-prinin keçirilməsinə çəkilən bütün xərclər, infrastruktur və təhlükəsizlik xərcləri, şəhər nəqliyyatına təsir və digər mümkün itkilərlə yarışın yaratdığı iqtisadi dövriyyə birlikdə hesablanmalıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir