İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO

İlham Əliyev: “Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” – VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb.

Videoda dövlət başçısının siyasətdə emosiyalara yer vermədikləri, Azərbaycanın hər zaman sözünün və imzasının arxasında dayandığı barədə fikirləri yer alıb.

“Artıq dünyada bilməyən yoxdur ki, sözümüz, imzamız qədər dəyərlidir və nəyi demişiksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamış, hansısa ölkəyə qarşı ikili standart, ikiüzlülük, riyakarlıq göstərməmişik”, – deyə İlham Əliyev bildirib.

Prezident Azərbaycanın özünə hörmət edən insanlara hörmətlə yanaşdığını vurğulayıb:

“Biz ləyaqətlə yaşayırıq. Siyasətimizi də ləyaqətlə aparırıq və bizim timsalımızda hamı görə bilər ki, bu mümkündür”.

Dövlət başçısı Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi nəticələrə də toxunub. O qeyd edib ki, Azərbaycan təkbaşına düşməni məğlub edib, ona öz şərtlərini diktə edib və kapitulyasiya aktını imzalamağa məcbur edib.

“Baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxta dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki əbədi müharibə bizə lazım deyil. Bu bizim seçimimiz olmayıb”, – deyə Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsində və 2023-cü ildə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərində lazımi məqam gözlənilib və strateji qərarlar qəbul edilib.

Prezidentin sözlərinə görə, müxtəlif variantlar olsa da, uzaqgörənlik, strategiya, düşüncə və xalqın əsas maraqlarının nəzərə alınması Azərbaycanın siyasətini müəyyənləşdirən amillərdir.

“Siyasətdə emosiyalara yer yoxdur. Emosiyalara qapılsaydıq, bu gün yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”, – deyə İlham Əliyev qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir