İlham Əliyev Mərkəzi Asiya liderlərinin görüşündə çıxış edib – FOTO

İlham Əliyev Mərkəzi Asiya liderlərinin görüşündə çıxış edib – FOTO

“Xəbər Yerində” xəbər verir ki, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.

Prezidentin Mətbuat xidmətinin verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

“Azərbaycan bu formatın tamhüquqlu üzvü oldu”

Dövlət başçısı əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürünü bildirib və yenidən qardaş Türkmənistanda, Avazada olmaqdan məmnunluğunu ifadə edib.

Prezident qeyd edib ki, ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olub:

“Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada – Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi”.

Azərbaycan-Türkmənistan münasibətləri

İlham Əliyev son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini bildirib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Prezident bunun siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı niyyəti əks etdirdiyini deyib.

Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini də xüsusi qeyd edib.

“Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür”, – Prezident bildirib.

Mərkəzi Asiya ölkələrinin Qarabağdakı dəstəyi

İlham Əliyev Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş ölkələrin dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

O qeyd edib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib.

Prezident bu yardımı yüksək qiymətləndirdiyini bildirib.

“Ticarət dövriyyəsi 50 faizdən çox artıb”

Dövlət başçısı son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin xeyli genişləndiyini deyib.

Onun sözlərinə görə, siyasi əlaqələr yüksək səviyyədədir, qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir.

“Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir”, – İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalının yüz milyonlarla dollar təşkil etdiyi bildirilib.

İlham Əliyev hesab edir ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu fondların potensialından daha fəal istifadə olunmalıdır.

“Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, – dövlət başçısı vurğulayıb.

“Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir”

Prezident əməkdaşlığın əsas istiqamətlərindən birinin nəqliyyat olduğunu bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha mühüm rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra isə beynəlxalq bazarlarla birləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

İlham Əliyev bildirib ki, son illərdə Azərbaycanın nəqliyyat imkanları davamlı şəkildə genişləndirilir. Dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayələr yatırılıb.

Dövlət başçısı Xəzər dənizi vasitəsilə daşımaların həcmində əhəmiyyətli artım müşahidə olunduğunu deyib.

“Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir”, – Prezident bildirib.

O, paralel olaraq “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirildiyini, Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində işlərin aparıldığını qeyd edib.

Prezidentin sözlərinə görə, Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Enerji əməkdaşlığı genişlənir

İlham Əliyev energetika sahəsinin də əməkdaşlıqda xüsusi yer tutduğunu vurğulayıb.

Azərbaycanın enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynadığını bildirən Prezident Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan vasitəsilə nəql olunduğunu və bu daşımaların həcminin artdığını deyib.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın da davamlı şəkildə genişləndiyini qeyd edən dövlət başçısı yaşıl enerji dəhlizinin yaradılması üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparıldığını bildirib.

“Sülh və sabitlik bütün nailiyyətlərimizin təməlidir”

Prezident İlham Əliyev əməkdaşlıq formatının geosiyasi əhəmiyyətinin yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmadığını vurğulayıb.

“Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır”, – dövlət başçısı bildirib.

Prezident çıxışının sonunda tədbir iştirakçılarına diqqətlərinə görə təşəkkür edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir