İstanbulda sel həyəcanı: Avtomobillər suda qaldı, məktəblər bağlandı – VİDEO

İstanbulda sel həyəcanı: Avtomobillər suda qaldı, məktəblər bağlandı – VİDEO

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları genişmiqyaslı sel və daşqınlara səbəb olub. Şəhərin bir sıra rayonlarında yolları, evləri, iş yerlərini və metro stansiyalarını su basıb. Hadisələr nəticəsində iki nəfər həyatını itirib.

“Xəbər Yerində” Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 14-də səhər saatlarından başlayan güclü yağış gün ərzində şəhərdə nəqliyyatın hərəkətini və gündəlik həyatı ciddi şəkildə çətinləşdirib.

1 277 ünvanda su basqını qeydə alınıb

İstanbul Valiliyinin açıqlamasına görə, oktyabrın 14-də saat 06:00-dan 20:00-dək Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) və 112 Təcili Çağrı Mərkəzinə ümumilikdə 2 518 müraciət daxil olub.

Müraciətlər əsasında aşağıdakı hadisələr qeydə alınıb:

  • 1 277 su basqını;
  • 15 torpaq sürüşməsi;
  • 47 nəfərin köməyə ehtiyac duyması və təhlükəli ərazilərdə köməksiz qalması;
  • 13 ağacın aşması;
  • 2 dam örtüyünün uçması.

Bundan əlavə, 808 yaşayış evi, 280 iş yeri və 76 nəqliyyat vasitəsi ilə bağlı zərər və su basqını müraciətləri qeydə alınıb.

14 yaşlı yeniyetmə və daha bir nəfər öldü

Güclü yağışın yaratdığı vəziyyət iki nəfərin ölümü ilə nəticələnib.

İstanbulun Fatih rayonunun Balat məhəlləsindəki Çukurbostan parkında 14 yaşlı yeniyetmə su yığıntısına ayaq basarkən elektrik cərəyanına düşüb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Sarıyer rayonunda isə 34 yaşlı şəxs yolu keçərkən sürüşərək yıxılıb və başını səkiyə vurub. Xəstəxanaya yerləşdirilən şəxs həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

8 min əməkdaş fəsadların aradan qaldırılmasına cəlb edilib

Sel suları İstanbulun bir sıra küçə və prospektlərini, yeraltı keçidləri və bəzi metro stansiyalarını basıb. Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb, bəzi avtomobillər su altında qalıb.

Fəsadların aradan qaldırılması üçün AFAD, İstanbul Böyükşəhər Bələdiyyəsi və rayon bələdiyyələrinin əməkdaşları daxil olmaqla, təxminən 8 min nəfər şəxsi heyət, 2 min nəqliyyat vasitəsi və xüsusi texnika səfərbər edilib.

İstanbulda məktəblər bağlanıb

Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbulda oktyabrın 15-də məktəblərdə əyani təhsil bir günlük dayandırılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində motosikletlərin hərəkətinə də məhdudiyyət qoyulub.

Valilik sakinlərə zərurət olmadıqda evdən çıxmamağı, xüsusilə zirzəmi və aşağı mərtəbələrdə yaşayanlara isə su basqını təhlükəsinə qarşı ehtiyatlı olmağı tövsiyə edib.

Meteoroloji proqnozlara əsasən, şəhərin bəzi ərazilərində yağışların davam etməsi və yeni su basqınları riskinin qalması gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir