Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro investisiya yatırıb.
Layihənin digər tərəfdaşı olan “Grupo Outeirinho” şirkəti də eyni məbləğdə vəsait ayırıb. Beləliklə, layihəyə yatırılan ümumi investisiyanın 20 milyon avro təşkil edəcəyi gözlənilir. Ronaldo və şirkətin layihədəki payları ayrı-ayrılıqda 50 faiz olacaq.
Hazırda Portuqaliyanın Braqansa bələdiyyəsində mineral suyun qablaşdırılması zavodunun tikintisi aparılır. Müəssisənin tikintisinin başa çatdırılması, məhsulun isə həm Portuqaliya, həm də beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonunadək planlaşdırılır.
Yeni brendin dizaynı ilə İtaliyanın dizayn şirkəti məşğul olur. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəticəsində onlarla yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Məlumata görə, layihənin tərəfdaşı olan “Grupo Outeirinho” şirkəti Portuqaliya su bazarının 45 faizinə sahib olduğunu bildirir.

