Kəlağayı ilə hicab eyni deyil – Folklorşünasdan açıqlama

Kəlağayı ilə hicab eyni deyil – Folklorşünasdan açıqlama

Kəlağayı Azərbaycan xalqının qədim milli geyim nümunələrindən biri olmaqla yanaşı, milli kimliyimizi, mənəvi dəyərlərimizi və adət-ənənələrimizi özündə yaşadır. Son günlər məktəbli forması və hicab məsələsi ətrafında müzakirələrin fonunda kəlağayının tarixi və digər baş örtüklərindən fərqi də diqqət çəkir.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli bu barədə “Publika.az”a danışıb.

Folklorşünasın sözlərinə görə, qadınların baş örtüyündən istifadə etməsi qədim adətlərlə bağlıdır. Lakin geyim formaları tarixin müxtəlif dövrlərində dəyişdiyindən keçmişdə istifadə olunan baş örtüklərinin bugünkü formalarla eyni olduğunu düşünmək düzgün deyil.

O bildirib ki, baş örtükləri müxtəlif materiallardan hazırlanıb, onların istifadə formaları isə dövrün adətləri və dini təsəvvürləri ilə əlaqəli olub.

Atəş Əhmədli kəlağayının digər baş örtüklərindən fərqlənən cəhətlərinə də toxunub. Onun sözlərinə görə, kəlağayının üzərindəki naxışlar və rəmzlər bu milli geyim nümunəsinin özünəməxsusluğunu müəyyənləşdirir. Xüsusilə buta və digər ornamentlər onun görünüşündə mühüm rol oynayır.

Folklorşünas vurğulayıb ki, baş örtüyü ənənəsi ilə konkret milli geyim nümunəsi olan kəlağayını eyniləşdirmək olmaz.

Atəş Əhmədlinin fikrincə, kəlağayının yenidən gündəmə gəlməsi və xüsusilə gənclərin bu irsə marağının artması əhəmiyyətlidir. O qeyd edib ki, kəlağayı sadəcə geyim elementi deyil, həm də Azərbaycan xalqının mənəvi irsini, milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyərdir.

Kəlağayı ənənəsinin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir