Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 21–22-də Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib.
Xəbər Yerində xəbər verir ki, sammit çərçivəsində nazir müavini “Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və “Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr edilən sessiyalarda məruzələrlə çıxış edib, həmçinin panel müzakirələrinə qatılıb.
Erkən təhsilə investisiyanın əhəmiyyəti vurğulanıb
Erkən təhsilə həsr olunmuş sessiyada Kənan Kərimzadə Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin əhatəsinin genişləndirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və təhsilin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir müavini valideyn, dövlət və özəl sektor arasında əməkdaşlığa əsaslanan model çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsini bölüşüb.
O, erkən təhsilə investisiya qoyulmasının insan kapitalının inkişafı, uşaqların potensialının erkən yaşlardan üzə çıxarılması və onların bərabər imkanlarla təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Təhsildə süni intellektin məsuliyyətli tətbiqi müzakirə olunub
Süni intellektin təhsil sahəsində istifadəsinə həsr edilən müzakirələrdə Kənan Kərimzadə Azərbaycanın rəqəmsal təhsil sahəsindəki təcrübəsini təqdim edib.
Nazir müavini süni intellekt texnologiyalarından səmərəli və məsuliyyətli istifadənin təmin olunması üçün rəqəmsal infrastrukturun gücləndirilməsinin, müəllimlərin müvafiq bacarıqlarının artırılmasının və effektiv idarəetmə mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.
Eyni zamanda, uşaqların fərdi məlumatlarının qorunmasının və süni intellekt texnologiyalarının təlim nəticələrinə təsirinin qiymətləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Bir sıra rəsmi şəxslərlə görüşlər keçirilib
Sammit çərçivəsində nazir müavini bir sıra rəsmi şəxslərlə də görüşüb. Onların arasında Özbəkistan Respublikası Baş nazirinin birinci müavini, təhsil və elm naziri Erkinjon Turdimov, Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva, eləcə də Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktorunun birinci müavini Şahnoza Mirziyoyeva olub.
Görüşlər zamanı Azərbaycan, Özbəkistan və Qırğızıstan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






