Fransada kütləvi etirazlar zamanı baş verən zorakılıq və dağıntılardan sonra Prezident Emmanuel Makron sərt bəyanatla çıxış edib.
Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, dövlət başçısı mağazaları talan edənlərin vurduqları ziyanı ödəyəcəklərini, respublika quruluşunu sarsıtmağa çalışanların isə qanun qarşısında cavab verəcəklərini bildirib.
Makron: Zorakılığa yol verənlər cəzalandırılacaq
Makron oktyabrın 18-də xalqa müraciətində Fransada baş verən hadisələrə münasibət bildirib. O, zorakılıqların arxasında radikal solçu qruplara mənsub üsyançı elementlərin və cinayətkarların dayandığını deyib.
Prezidentin sözlərinə görə, mağazaları talan edənlər vurduqları ziyanı ödəməli, respublika quruluşunu devirməyə çalışanlar isə qanun qarşısında cavab verməlidirlər. Makron baş verənlərin cəmiyyətdə qəzəb və utanc hissi yaratdığını vurğulayıb.
Dövlət başçısı hələ oktyabrın 17-də də zorakılığa yol verənlərin cəzalandırılacağını bəyan etmişdi. O qeyd etmişdi ki, Fransada dinc etiraz hüququ qorunmalıdır, lakin dövlət qurumlarına hücum edənlərə güzəşt edilməyəcək.
Baş nazir Sebastyen Lekornü də hadisələrə münasibət bildirərək heç kimin zorakılıq yolu ilə ölkəyə siyasi gündəm diktə edə bilməyəcəyini açıqlayıb.
Fransada 1800-dən çox insan saxlanılıb
Fransada vəziyyət oktyabrın 17-də keçirilən genişmiqyaslı etiraz aksiyalarından sonra kəskinləşib. Bahalaşmaya və məktəblərdəki şəraitə etiraz edən yüz minlərlə insan küçələrə çıxıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 800 minə çatdığını bildiriblər.
Paris, Marsel, Lion və digər şəhərlərdə etirazçılarla polis qüvvələri arasında toqquşmalar baş verib. Bir sıra mağazalar talan edilib, avtomobillərə və inzibati obyektlərə ziyan vurulub.
Ən ağır hadisələrdən biri Limoj şəhərində qeydə alınıb. Burada 143 illik tarixi meriya binası yandırılıb. Yanğın nəticəsində binanın dam örtüyü və qülləsi uçub.
Oktyabrın 18-də açıqlanan məlumatlara əsasən, ölkə üzrə 1800-dən çox insan saxlanılıb. Təkcə Parisdə 855 nəfərin saxlanıldığı bildirilib.
Hadisələr seçkiqabağı siyasi mübahisələri gücləndirib
Fransada baş verənlər 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi mübahisələri də dərinləşdirib. Müxalifət nümayəndələri hökumətin fəaliyyətini tənqid edirlər.
Fransadakı hadisələr “Dərviş Parisi partladır” filmini xatırlatdı
Maraqlıdır ki, Fransada baş verən hadisələr Azərbaycan tamaşaçısına məşhur “Dərviş Parisi partladır” filmini xatırladır.
Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri əsasında çəkilən filmdə hadisələr XIX əsrdə Qarabağda cərəyan edir. Qarabağa gələn fransalı səyyah Müsyö Jordan gənc Şahbaz bəyi özü ilə Parisə aparmaq istəyir.
Lakin dərviş Məstəli şahın Parisi dağıtmaq məqsədilə keçirdiyi sehrbazlıq mərasimindən sonra Fransada inqilab baş verdiyi barədə xəbər gəlir. Nəticədə Müsyö Jordan vətəninə qayıtmağa məcbur olur, Şahbaz bəyin Parisə səfəri isə baş tutmur.
Əsərdə söhbət 1848-ci il Fransa inqilabından gedir.

