Özəl bağçada azyaşlı xəsarət aldı: Valideyn rəhbərlikdən narazıdır

Özəl bağçada azyaşlı xəsarət aldı: Valideyn rəhbərlikdən narazıdır

Sumqayıtda özəl uşaq bağçasında azyaşlının xəsarət alması valideynlə müəssisə rəhbərliyi arasında mübahisəyə səbəb olub.

Xəbər Yerində xəbər verir ki, bu barədə Baku TV məlumat yayıb.

Şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qalması nəticəsində yıxılaraq xəsarət aldığını, hadisədən sonra isə ona ilkin tibbi yardım göstərilmədiyini iddia edib.

Valideynin sözlərinə görə, hadisə oktyabrın 9-da saat 17:04 radələrində Sumqayıtda yerləşən “Laləli” adlı uşaq bağçasında baş verib. O iddia edir ki, azyaşlı təxminən 1,5 metr hündürlüyündəki sürüşkəndən boynu üstə yıxılıb.

“Müəllimlər uşağı götürsələr də, ona ilkin tibbi yardım göstərilməyib, təcili tibbi yardıma məlumat verilməyib. Saat 17:28 radələrində uşağı götürməyə gələn qohumumuza sadəcə yıxıldığını bildiriblər”, – deyə Yaqub Yasinov bildirib.

Şikayətçinin sözlərinə görə, işdən gec qayıtdığı üçün övladını saat 21:00 radələrində xəstəxanaya aparıb. Rentgen müayinəsi zamanı uşağın qolunda iki sınıq olduğu müəyyən edilib.

Yaqub Yasinov hadisədən sonra bağçanın rəhbəri Lalə Əzimovanın onunla əlaqə saxladığını, oktyabrın 11-də isə tərəflər arasında görüş keçirildiyini qeyd edib.

Valideynin iddiasına əsasən, bağça rəhbəri hadisəyə görə məsuliyyət daşıyan əməkdaşın işdən azad edildiyini bildirib. Bununla yanaşı, onun tələblərinin qəbul edilmədiyini və məsələnin hüquqi yolla həllinin təklif olunduğunu deyib.

“Biz aylıq ödəniş etmirik ki, uşağımızın qol-qıçını sındırsınlar, sonra da desinlər ki, get haraya şikayət edirsən, et”, – deyə Yaqub Yasinov narazılığını ifadə edib.

Qeyd edək ki, hadisə ilə bağlı təqdim olunan məlumatlar valideynin iddialarına əsaslanır. Bağça rəhbərliyinin mövqeyi barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir