Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yığmanın Kopenhagendə yerləşən düşərgəsini tərk etdiyi məlum olub.
Xəbər Yerində QOL.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Ronaldo gecə saatlarında Madridə çatıb
Məlumata görə, 41 yaşlı futbolçu milli komandanın düşərgəsində qalaraq hazırlıqları davam etdirməkdən imtina edib. Ronaldo oktyabrın 1-də gecə saat 02:00 radələrində Madridə çatıb.
Baş məşqçi ilə fikir ayrılığı iddiası
Daha əvvəl Ronaldo ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus arasında fikir ayrılığı yarandığı barədə məlumatlar yayılıb.
Jezus tərəflər arasında hər hansı münaqişənin olmadığını bildirsə də, Ronaldo komandanın məşqini yarımçıq qoyaraq düşərgəni tərk edib.
Baş məşqçi həmçinin hücumçunun UEFA Millətlər Liqasında Danimarka ilə keçiriləcək qarşılaşmada meydana çıxmayacağını açıqlayıb.
Sentyabrın 27-də də meydana buraxılmayıb
Qeyd edək ki, Jorje Jezus sentyabrın 27-də Portuqaliyanın Millətlər Liqasında Norveçlə keçirdiyi oyunda Ronaldoya şans verməyib.
Portuqaliya mediasının məlumatına görə, bundan sonrakı gün futbolçu komandanın iclasında və ümumi məşqində iştirak etməyib. Ronaldo hazırlığını fərdi şəkildə davam etdirib.
Yaranmış vəziyyət fonunda Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurmasının mümkünlüyü də iddia olunur.

