Xəbər Yerində xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə mütəmadi keçirilən görüş və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı vurğulanıb.
İqtisadi və investisiya əməkdaşlığı müzakirə edildi
Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha qeyd edib.
Söhbət zamanı siyasi sahədə mövcud yüksək səviyyəli münasibətlərin iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi bildirilib.
“ASAN xidmət” modeli ilə bağlı razılıq
Pakistanın Baş naziri Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Şahbaz Şərif bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycanın dəstəyinin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını bildirib.
Pakistanın Baş naziri dövlətimizin başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini iki ölkə arasında dostluq və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi
Telefon danışığı zamanı Pakistanın son dövrlərdə regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.
Dövlətimizin başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, həmçinin regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparıblar.

