Xəbər Yerində xəbər verir ki, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində torpağa basdırılaraq gizlədilmiş avtomat silah aşkar edilib.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, silah Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhbusun həbs edilməzdən əvvəl gizlətdiyi yerdən tapılıb.
Silah çimərlik ərazisində gizlədilib
Məlumata əsasən, məhbus Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazisində yerləşən köhnə tikilinin yaxınlığında silahı torpağa basdıraraq gizlədib.
Keçirilən əməliyyat zamanı həmin ərazidən 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

