Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 21-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücülərinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1578 nəfər qeydiyyatdan keçib.
DİM-dən Xəbər Yerində-yə verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində təşkil olunacaq.
İmtahan harada keçiriləcək?
İmtahan aşağıdakı ünvanlarda baş tutacaq:
- Bakı: DİM-in elektron imtahanlar korpusu – Binəqədi rayonu, S.S. Axundov küçəsi 50, TÜRKPA-nın yanı;
- Naxçıvan: 4 saylı orta məktəb;
- Gəncə: Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb.
İmtahanın müddəti 1 saatdır. İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış ola biləcəklər.
Buraxılış vərəqəsi necə əldə edilir?
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in elektron xidməti vasitəsilə əldə edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi ünvan, bina, zal, başlanma vaxtı və namizədin imtahan binasına gəlməli olduğu vaxt göstərilir.
Namizədlər imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etməlidirlər. Sənədlərdən hər hansı biri olmadıqda və ya onlar arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda neçə bal toplamaq lazımdır?
İmtahan iştirakçılarına sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar üzrə xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.
Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanda 10 və daha çox bal toplayan şəxslər qiymətləndirmədən uğurla keçmiş hesab olunacaqlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
DİM imtahan iştirakçılarına “Yaddaş kitabçası” ilə əvvəlcədən tanış olmağı tövsiyə edir.

