Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyi tibb müəssisələrində hicabın istifadəsinə məhdudiyyət qoyulması barədə yayılan məlumatlarla bağlı birgə açıqlama yayıb.
Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən məktubun görüntüsü yayılır.
Açıqlamada bildirilib ki, yayılan sənəd saxtadır və Səhiyyə Nazirliyi tərəfindən belə bir məktub qəbul edilməyib.
Qeyd olunub ki, tibb müəssisələrinə hicabın istifadəsinin məhdudlaşdırılması ilə bağlı hər hansı göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.
Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədləri həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına şərait yaratmamağa çağırıb.

