ABŞ Prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner barəsində “Vanity Fair” jurnalında dərc olunan məqalə gündəm yaradıb. Materialda onun Yaxın Şərqdəki nüfuzlu şəxslərlə yüz milyonlarla dollarlıq gizli maliyyə sövdələşmələrində iştirak etdiyi iddia olunur.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, məqalədə “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd ben Zayedin Yaxın Şərqi yenidən formalaşdırmaq üzrə gizli sövdələşməsi” adlı kitabdan bəhs edilib.
Kuşnerin telefonunun sındırıldığı iddia olunur
Kitabda yer alan iddialara görə, 2018-ci ildə Niderland kəşfiyyatı Cared Kuşnerin “iPhone X” telefonunu sındırmağa nail olub. Müəllifin bildirdiyinə əsasən, bunun nəticəsində Niderland rəhbərliyi Trampın kürəkəninin Dubaydakı bank hesabları barədə məlumat əldə edib.
Materialda iddia olunur ki, həmin hesablardan birinə Azərbaycanda fəaliyyət göstərən bankdan yüz milyonlarla dollar köçürülüb. Kuşnerin isə bu hesabdan ayrı-ayrı şəxslərə böyük məbləğlər göndərdiyi irəli sürülüb.
Hesabda 750 milyon dollar olduğu bildirilir
Kitabda “Alfa” adı ilə qeyd edilən hesabın “First Abu Dhabi Bank”da açıldığı və orada 750 milyon dollar olduğu iddia olunur. Oxşar hesabın İsraildə də mövcud ola biləcəyi ehtimalı irəli sürülüb.
Müəllifin iddialarına görə, həmin vəsaitlər gizli əməliyyatların maliyyələşdirilməsi üçün ehtiyat fondu kimi istifadə edilib.
Materialda həmçinin Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Məhəmməd bin Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən Yaxın Şərqdə qeyri-rəsmi diplomatiyanın və təsir imkanlarının genişləndirilməsi məqsədilə 2 milyard dollar ayrıldığı bildirilir.
Bununla belə, məqalədə irəli sürülən iddiaları təsdiqləyən rəsmi sənədlər və bank əməliyyatlarına dair yoxlanıla bilən sübutlar təqdim edilməyib.
Cared Kuşner iddiaları təkzib edib
Cared Kuşner “Vanity Fair” jurnalında dərc olunan materiala münasibət bildirərək irəli sürülən ittihamları rədd edib. O, iddiaların təsdiqi üçün hər hansı rəsmi sübutun və bank məlumatlarının təqdim edilmədiyini vurğulayıb.
“Müəllifin irəli sürdüyü iddialar tamamilə absurddur. Biz bu iddiaların hər birini rəsmi şəkildə təkzib etmişik. Bu ittihamları təsdiqləmək üçün heç bir bank çıxarışı, bank köçürməsinə dair qeydlər, hesab nömrələri, əməliyyat tarixləri və ya digər yoxlanıla bilən məlumat təqdim olunmayıb”, – deyə Kuşner bildirib.

