Vatikan şəhərində Azərbaycan xalçalarından ibarət sərgi açılıb

Vatikan şəhərində Azərbaycan xalçalarından ibarət sərgi açılıb

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçalarının sərgisi təşkil olunub.

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Raffaella Petrini: “Mədəniyyət və yaddaş sülhün əsas sütunlarıdır”

Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini çıxışında mədəniyyət və yaddaşın sülhün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O bildirib ki, sərginin əsas məqsədlərindən biri müxtəlif dinlərə, xalqlara, mədəniyyətlərə, dillərə və ənənələrə mənsub insanlar arasında dialoqun inkişafına şərait yaratmaqdır.

Raffaella Petrininin sözlərinə görə, sərgi həm də xalçaçılıq ənənələri ölkənin mədəni irsi ilə sıx bağlı olan Azərbaycana ehtiramın ifadəsidir.

O qeyd edib ki, nümayiş etdirilən xalçalar yüksək peşəkarlıqla hazırlanmış sənət nümunələri olmaqla yanaşı, kimliyin və bəşəri dəyərlərin də ifadəsidir.

Vatikan rəsmisi eksponatların dinlərarası dialoqun dəyərlərini təbliğ etdiyini bildirib. Onun sözlərinə görə, sərgi bu istiqamətdə konkret dialoq imkanları yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini də bir daha nümayiş etdirir.

Səfir: “Xalça Şərqlə Qərbi birləşdirən amildir”

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov çıxışında xalçanın ölkənin zəngin mədəni irsində xüsusi yer tutduğunu bildirib.

Onun sözlərinə görə, xalçaçılıq əsrlər ərzində Azərbaycan mədəniyyətinin mühüm hissəsinə çevrilib və xalça Şərqlə Qərbi birləşdirən amillərdən biri olub.

İlqar Muxtarov Azərbaycanın tarixən İpək Yolunun mühüm marşrutlarından birinin üzərində yerləşdiyini, ölkənin regionun ipək istehsalı və xalçaçılıq mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Səfir sərgidə təqdim olunan üç xalçanı bəşəri dəyərlərə həsr edilmiş unikal bədii triptix kimi xarakterizə edib.

O bildirib ki, səkkiz il davam edən iş prosesində iudaizm, xristianlıq və İslam dinlərinin ənənələrinə hörmət qorunmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintez yaradılıb.

İlqar Muxtarovun sözlərinə görə, Azərbaycanda azad ruh yalnız dözümlülük anlayışında deyil, müxtəlif ibadət məkanlarına və müqəddəs irsə göstərilən hörmətdə də özünü büruzə verir.

Səfir əlavə edib ki, bu yanaşma Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının özünəməxsus modelini formalaşdırıb.

“Anima Mundi”də dörd qitənin mədəniyyətləri bir araya gətirilir

Vatikan Muzeylərinin direktoru Barbara Yatta Romanın tarixən gözəllik və ideyaların paylaşılması üçün körpü rolunu oynadığını qeyd edib.

O bildirib ki, Azərbaycan xalçaları Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən biri olan “Anima Mundi” Muzeyində nümayiş etdirilir.

Barbara Yattanın sözlərinə görə, “Anima Mundi” ifadəsi “dünyanın ruhu” mənasını verir və muzeyin bu bölməsinə təxminən 10 il əvvəl məhz bu ad verilib.

O qeyd edib ki, yenidən qurulan məkanda Avstraliya, Afrika, Amerika və Asiya olmaqla dörd qitənin mədəniyyətləri təmsil olunur.

Direktor Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində müxtəlif mədəniyyətlərin bir araya gətirilməsinin qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu deyib.

Onun sözlərinə görə, hər gün muzeyi ziyarət edən minlərlə insan müxtəlif mədəniyyətləri və inancları birləşdirən sənət əsərləri ilə tanış olmaq imkanı əldə edir.

28 qadın səkkiz il ərzində layihə üzərində çalışıb

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova layihənin Azərbaycan xalçaçılığında yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

O qeyd edib ki, “Səmavi dinlər” ideyasının həyata keçirilməsi üzərində səkkiz il ərzində 28 qadın çalışıb.

Əminə Məlikovanın sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı və sülh şəraitində həyat sürdüyü məkanlardan biri olub.

O, xalça sənətinin Azərbaycan üçün sadəcə sənətkarlıq və ənənəvi incəsənət nümunəsi olmadığını vurğulayıb.

Muzey direktorunun sözlərinə görə, ənənəvi incəsənət nümunələri xalqların ruhunu və kimliyini özündə əks etdirir. Bu baxımdan, təqdim olunan üç xalçada da Azərbaycanın və Azərbaycan xalqının ruhunu görmək mümkündür.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Üç xalçada üç din və ortaq bəşəri dəyərlər

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunub və dərin fəlsəfi düşüncə ilə milli sənətkarlıq ənənələrinin vəhdətini əks etdirir.

Üç xalçanın hər biri ayrı-ayrı dinləri və mədəniyyətləri simvollaşdırır. Onlar birlikdə isə insanlığın ortaq dəyərləri olan sülh, mərhəmət və ədalət ideyalarını ifadə edir.

“Səmavi dinlər” layihəsi Azərbaycan mədəniyyətinin dərinliklərindən qaynaqlanan universal dəyərlərin və mədəni diplomatiya yanaşmasının bədii ifadəsi kimi təqdim olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir