10 nəfərin öldüyü partlayış işi üzrə yeni məhkəmə qərarı

10 nəfərin öldüyü partlayış işi üzrə yeni məhkəmə qərarı

“Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasında baş vermiş, 10 nəfərin ölümü və 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə baxılan kassasiya iclasında təqsirləndirilən şəxslərin müdafiəçilərinin, eləcə də zərərçəkənlərin hüquqi varislərinin şikayətləri araşdırılıb.

Məhkəmə zamanı zərərçəkənlərin hüquqi varisləri Aydın Rüstəmov və Tural Həsənovun təqsirləndirilən şəxslərlə barışdığı açıqlanıb. Onların kassasiya şikayətlərini geri götürdükləri bildirilib.

Araşdırmanın yekununda Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Qərara əsasən, Tağı İbrahimov və Toğrul Rzayevə təyin olunmuş cəza daha altı ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki təqsirləndirilən şəxsə 6 il azadlıqdan məhrumetmə cəzası vermişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Eyni zamanda, Amnistiya aktının tətbiqi nəticəsində onların cəzası 6 aydan azaldılaraq 5 il 6 aya endirilmişdi.

Ali Məhkəmənin son qərarı ilə isə hər iki şəxsin cəzası bundan əlavə daha 6 ay azaldılıb.

Qeyd edək ki, hadisə 2024-cü il yanvarın 15-də Binəqədi rayonunda yerləşən “Bakı Ağac Emalı” ASC-nin mebel emalatxanasında baş vermişdi. Güclü partlayış və ardınca yaranan yanğın nəticəsində 10 nəfər həyatını itirmiş, 23 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.

İstintaq zamanı müəssisənin faktiki sahibi Tağı İbrahimovun və müəssisədə inzibati-təsərrüfat işlərinə cavabdeh olan Toğrul Rzayevin yanğın təhlükəsizliyi qaydalarını pozduqları, bunun ağır nəticələrə səbəb olduğu müəyyən edilib. Bundan başqa, Tağı İbrahimova xüsusilə külli miqdarda vergidən yayınma ittihamı da irəli sürülmüşdü. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir