ABŞ-də yaşayan 96 yaşlı qadın sosial şəbəkələrdə qazandığı pulla qocalar evinin bahalı xərclərini ödəyir. Təxminən 15 milyon izləyicisi olan Lillian Dronyak internetdə “Nənə Dronyak” adı ilə tanınır.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Konnektikut ştatında yaşayan qadın bu ilin iyununda qaldığı qocalar evinin onu məclislər təşkil etdiyinə görə müəssisədən çıxarmaqla hədələdiyini açıqladıqdan sonra geniş diqqət çəkib.
Qocalar evi bu təhdidin olduğunu təsdiqləyib. Daha sonra tərəflər arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, Dronyakın məclislərdə iştirakına icazə verilib, lakin spirtli içkilərin gətirilməsi qadağan edilib.
Şöhrəti 90 yaşından sonra başladı
Lillian Dronyak sosial şəbəkələrdə məşhurlaşmağa 2020-ci ildə başlayıb. Nəvəsi əvvəlcə nənəsinin darıxmaması üçün ona videolar paylaşmaqda kömək edib. Lakin zaman keçdikcə bu məşğuliyyət gəlirli fəaliyyətə çevrilib.
Hazırda Dronyakın nəvəsi qida və gözəllik brendləri ilə əməkdaşlıq edir, sponsorlu məzmunlar hazırlayır. Sosial mediadan əldə edilən gəlirin bir hissəsi ayda 12 min dollara başa gələn qocalar evinin xərclərinin ödənilməsinə, digər hissəsi isə nəvələrinin uşaqlarının kollec təhsili üçün yaradılan fonda yönəldilir.
“Mən həmişə məşhur olmaq potensialımın olduğunu bilirdim, sadəcə bunun 90 yaşlarımda baş verəcəyini düşünmürdüm”, – Dronyak BBC-yə müsahibəsində deyib.
Yaşlılıqla bağlı stereotipləri dəyişmək istəyir
Dronyak populyarlığının əsas səbəbini yaşlı insanların da aktiv və əyləncəli həyat sürə biləcəyini nümayiş etdirməsində görür.
“İnsanlar yaşlıların sadəcə oturub divara baxdıqlarını düşünürlər. Amma mən qocalmağın o qədər də pis olmadığını göstərirəm. Yaşlanmağı qəbul edir, yenə də əylənə və çölə çıxa bilirik”, – deyə o bildirib.
Küçədə izləyiciləri tərəfindən tanınan 96 yaşlı qadın məşhurluğunun qocalar evində ona münasibəti dəyişmədiyini deyir. Onun sözlərinə görə, müəssisənin əməkdaşları “TikTok”dan istifadə etmədikləri üçün internetdəki şöhrətindən xəbərdar deyillər.

