Xəbər Yerində Globalinfo.az-a istinadən xəbər verir ki, Azərbaycanda pensiyaların indeksasiyası ilə bağlı yeni mexanizmin hazırlanması təklif olunur.
Təklif edilən dəyişikliyə əsasən, 2027-ci ildən pensiyası ölkə üzrə orta aylıq əməkhaqqından yüksək olan şəxslərin pensiyasının həmin məbləği aşan hissəsinə 0,2-0,5 əmsallarının tətbiqi nəzərdə tutulur.
Hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1176,7 manatdır.
Yeni mexanizm pensiyalara necə təsir edəcək?
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva bildirib ki, təklif olunan mexanizmə əsasən, pensiyanın orta aylıq nominal əməkhaqqı həddinə, yəni 1176,7 manatadək olan hissəsi əvvəlki qaydada tam indeksasiya ediləcək.
Onun sözlərinə görə, yalnız bu məbləği aşan hissəyə daha aşağı əmsal tətbiq olunacaq.
Professor qeyd edib ki, hazırkı məlumatlara əsasən, pensiyaçıların 90 faizdən çoxunun pensiyası 1176,7 manatdan aşağıdır. Bu səbəbdən layihədə nəzərdə tutulan mexanizm həmin şəxslərin pensiyalarının indeksasiyasına təsir göstərməyəcək.
1176,7 manatdan yüksək pensiya alan şəxslərdə isə əmsal bütün pensiyaya deyil, yalnız müəyyən edilmiş həddi aşan hissəyə tətbiq olunacaq.
Məsələn, 1300 manat pensiya alan şəxsin pensiyasının yalnız 123,3 manatlıq hissəsi yeni əmsalın tətbiq dairəsinə düşəcək.
Beləliklə, əmsalın 0,2 olması belə pensiyanın ümumi artımını tamamilə aradan qaldırmır. Sadəcə, əvvəlki qayda ilə müqayisədə artım məbləğini azaldır.
Yüksək pensiya alan şəxsin nominal pensiyası yenə artacaq, lakin tam indeksasiya ilə müqayisədə daha aşağı templə yüksələcək. Pensiya məbləği artdıqca, tam indeksasiya ilə yeni mexanizm arasındakı fərq də böyüyəcək.
Əmsallar gələcəkdə dəyişə bilər
Rəsmiyyə Sabir bildirib ki, pensiya təminatı və indeksasiya mexanizmlərinin sosial sığorta prinsiplərinə uyğunluğunun qorunması və təkmilləşdirilməsi vacibdir.
Onun sözlərinə görə, gələcəkdə tətbiq ediləcək əmsalların dəyişdirilməsi mümkündür. Çünki söhbət qanunvericiliklə müəyyənləşdiriləcək mexanizmdən gedir və hazırda qanun layihəsi təsdiqlənməyib.
Bu səbəbdən 0,2 və 0,5 əmsallarını gələcək illər üçün dəyişməz göstəricilər kimi qəbul etmək düzgün deyil.

