Bakıda Böyük Britaniya vətəndaşı Qrir Kristoferə qarşı hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən iclasda yekun qərar elan olunub. Məhkəmə kassasiya şikayətini əsassız hesab edərək təmin etməyib və əvvəlki qərar qüvvədə saxlanılıb.
Cinayət işi materiallarına əsasən, təqsirləndirilən şəxslər Qrir Kristoferi barəsində rüsvayedici məlumatlar və görüntülər yayacaqları ilə hədələyərək ondan külli miqdarda pul tələb ediblər. Həmçinin zərərçəkmişə məxsus bəzi rəsmi sənədlərin də onların əlinə keçdiyi bildirilib.
İstintaqın müəyyən etdiyi məlumata görə, Elnarə Nəsrəddinova ötən ilin mart ayında Fəvvarələr meydanı yaxınlığında Böyük Britaniya vətəndaşı ilə tanış olub və onu pul müqabilində cinsi əlaqəyə razı salaraq yaşadığı mənzilə aparıb. Mənzildə Yasəmən Məmmədova da olub. Daha sonra Elnarə Qrir Kristoferin çılpaq fotolarını çəkərək həmin görüntülərlə onu şantaj edib.
İttihama əsasən, hər iki qadın hədə-qorxu yolu ilə zərərçəkmişdən ümumilikdə 205 min 823 manat əldə edib.
Toplanmış sübutlar əsasında Elnarə Nəsrəddinovaya dələduzluq, hədə-qorxu yolu ilə tələb etmə və rəsmi sənədlərlə bağlı qanunsuz əməllər, Yasəmən Məmmədovaya isə dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə əvvəlcə 2 il həbs cəzası alsa da, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 1 il 14 gün azadlığın məhdudlaşdırılması ilə əvəz olunub və elektron nəzarət vasitəsinin tətbiqi qərara alınıb.
Qeyd edək ki, zərərçəkmiş Qrir Kristofer hadisə baş verən dövrdə Bakıda fəaliyyət göstərən özəl şirkətlərdən birində müqavilə əsasında çalışıb.
Mənbə: Pravda.az

