Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyevanın Pakistanın Lahor şəhərində qrup şəklində cinsi zorakılığa məruz qaldığı iddia olunur.
Diana Pakistanın nüfuzlu siyasi ailələrindən birinə mənsub şəxsin keçmiş həyat yoldaşı olub.
Məlumata əsasən, qadının keçmiş həyat yoldaşı ilə münasibətlərində problemlər yaranıb və daha sonra onların nikahı pozulub. Boşanmadan sonra Diananın Feysalabaddan olan, “Nəqaş” ləqəbi ilə tanınan parça taciri Şabir Əhmədlə münasibət qurduğu iddia edilir.
Bakıda tanışlıq
Məlumata görə, Diana Qusar şəhərindəndir. O, 2023-cü ildə Bakıda Pakistan vətəndaşı olan gənclə tanış olub. Bundan sonra onların arasında münasibət yaranıb və bir müddət görüşüblər.
2024-cü ilin dekabrında tərəflər arasında münaqişə baş verdiyi və Diananın polisə müraciət etdiyi bildirilir. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə ərizə təqdim edildiyi qeyd olunur.
İddialara görə, Pakistan vətəndaşı polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb və ölkəsinə qayıdıb.
Daha sonra tərəflərin münasibətlərini davam etdirdiyi və Pakistanın Ravalpindi şəhərində nikah bağladıqları bildirilir.
Pakistanda ailə həyatı
2025-ci ilin mayında Diananın həyat yoldaşı ilə birlikdə yenidən Pakistana getdiyi qeyd olunur.
Məlumata görə, qadın həyat yoldaşının qohumları ilə münaqişə yaşayıb. Bundan sonra ərinin Feysalabadda ev kirayələyərək onunla birlikdə yaşadığı bildirilir.
Həmin dövrdə Diananın “Nəqaş” ləqəbli Şabir Əhmədlə münasibət qurduğu iddia olunur. Bu məlumatın ardınca Diana ilə həyat yoldaşının boşandığı bildirilir.
Şabirlə münasibət
Boşanmadan sonra Diana ilə Şabir Əhməd arasındakı münasibətlərin davam etdiyi iddia edilir.
Məlumata görə, Şabir onunla görüşmək üçün Bakıya gəlib, Diana isə Pakistana səfərlər edib. Həmçinin onun bir müddət Pakistanda qanunsuz qaldığı da iddia olunur.
Məlumata əsasən, Şabir Diananı evinə apararaq həyat yoldaşına onun geyim satışı biznesində xarici tərəfdaşı olduğunu deyib. Daha sonra Şabirin həyat yoldaşının onları eyni otaqda gördüyü və Diananın evdən qovulduğu bildirilir.
Diana daha sonra Atif adlı qonşudan kömək istəyib və onun vasitəsilə Bakıya qayıtdığı qeyd olunur.
Lahorda baş verən hadisə
İddialara görə, maddi çətinliklər və işsizlik səbəbindən Diana 2026-cı ilin mayında yenidən Pakistana gedib.
Bu dəfə onun Şabirin dostu Tövhid Battadan kömək istədiyi bildirilir. Mənbənin iddiasına görə, Şabir və Tövhid Diananı fahişəliyə məcbur ediblər.
Daha sonra qadının Lahor şəhərinin Cohar-Taun ərazisində qrup şəklində cinsi zorakılığa məruz qaldığı iddia olunur.
Hadisədən sonra Tövhid Battın “Instagram” hesabını sildiyi və gizləndiyi bildirilir.
Məlumata görə, Pakistan hüquq-mühafizə orqanları Şabir Əhmədlə yanaşı daha üç şəxsi saxlayıb. Diana isə onu zorladığını iddia etdiyi üç şəxsin adlarını polisə təqdim edib.
Hazırda həmin şəxslərin saxlanılması istiqamətində araşdırmaların davam etdiyi bildirilir.
Qeyd edək ki, sadalanan məlumatların bir qismi iddia xarakterlidir və hadisənin bütün təfərrüatları ilə bağlı Pakistan hüquq-mühafizə orqanlarının yekun açıqlaması gözlənilir.




