Xəbər Yerində xəbər verir ki, qaraciyər serrozu ilə mübarizə aparan 34 yaşlı Əntiqə Quliyeva müalicəsi və qaraciyər transplantasiyası üçün kömək istəyib.
Baku TV-nin qaynar xəttinə müraciət edən üç uşaq anası uzun illərdir ağır xəstəliklə mübarizə apardığını bildirib. O, xəstəliyi səbəbindən həyat yoldaşının onu tərk etdiyini, hazırda xəstə anasının olduğunu və ailəsində ona kömək edə biləcək kimsəsinin qalmadığını deyib.
“2008-ci ildən hepatit xəstəsiyəm”
Əntiqə Quliyevanın sözlərinə görə, ona 2008-ci ildə hepatit diaqnozu qoyulub.
“2008-dən hepatit xəstəsiyəm. Hepatit B ilə D bir yerdə gedir. 2017-də qaraciyər serrozu diaqnozu qoyulub. Serroza görə müalicə almışam. Amma bütün müalicələrə baxmayaraq, F4-dür. F4 artıq sonuncu mərhələdir”, – deyə o bildirib.
Xəstəlik səbəbindən qaraciyər və dalağın qanı qəbul etməkdə çətinlik çəkdiyini deyən Ə. Quliyeva həkimlərin ona təcili əməliyyat olunmağı tövsiyə etdiyini bildirib.
“Yaşamaq üçün sonuncu şansım budur”, – deyə üç uşaq anası vurğulayıb.
Uşaqlarının gözü qarşısında qan qusub
Qadın bildirib ki, 2026-cı ilin iyun ayında qida borusundakı damar partlayıb və o, qan qusub.
“2026-nın iyun ayında qida borusuna damar partlamışdı. Qan qusmuşam. Ondan sonra yenidən qida borusunda damar genişlənməsi əmələ gəlib. Həkimlər də məsləhət görürlər ki, qaraciyər transplantasiyası olunmalıyam”, – deyə Əntiqə Quliyeva söyləyib.
Onun sözlərinə görə, vəziyyətinin ağır olması səbəbindən uzun müddət gözləmək imkanında deyil:
“Neçə illərdir qeydiyyatda duranlar var ki, bu dəqiqə onlar əməliyyat ola bilmirlər. Sadəcə, mən o qədər gözləyə biləcək vəziyyətdə deyiləm. Çünki həkim deyir ki, hər dəqiqə, hər saniyə yenə damar partlaya bilər, qan qusa bilərsən. Bir dəfə uşaqlarımın gözü qarşısında olub. Yenidən təkrar olmağını istəmirəm”.
Müalicə üçün 25 min manatlıq iynə tələb olunur
Əntiqə Quliyeva əməliyyatla əlaqədar ona xüsusi iynə lazım olduğunu və bunun üçün xaricdən dərman gətirilməli olduğunu bildirib.
Onun sözlərinə görə, həmin iynənin qiymətini İranla bağlı araşdırıblar və təxminən 25 min manat məbləğində olduğu bildirilib.
“Azərbaycanda yoxdur, ölkə xaricindən gətirilir”, – deyə o qeyd edib.
“Övladlarım üçün yaşamaq istəyirəm”
Üç uşaq anası xeyirxah insanlardan ona dəstək olmalarını istəyib.
“Xeyirxah, sevən insanların hər birinə müraciət edirəm. Çox xahiş edirəm, mənə köməklik edin. Övladlarım üçün yaşamaq istəyirəm. Onların mənə çox ehtiyacı var. Himayəmdə azyaşlı uşaqlarım var. Onlar üçün yaşamaq üçün son şansım ancaq budur”, – deyə Əntiqə Quliyeva bildirib.
Əntiqə Quliyeva gözləmə siyahısına daxil edilib
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət olunub.
Mərkəzdən bildirilib ki, Quliyeva Əntiqə Xaləddin qızı 2023-cü ildə məktub vasitəsilə quruma müraciət edib. Həmin vaxt ona orqan transplantasiyası ilə bağlı prosedur qaydaları yazılı şəkildə izah olunub.
Lakin müraciətçi gözləmə siyahısına daxil edilməsi üçün tələb olunan sənədləri təqdim etməyib.
Mərkəzin məlumatına əsasən, 2025-ci ilin iyununda Əntiqə Quliyeva ilə telefon əlaqəsi saxlanılıb və müvafiq sənədləri təqdim edərək gözləmə siyahısına daxil olmaq üçün müraciət etməli olduğu yenidən bildirilib.
Quliyeva rəsmi müraciətini yalnız 2026-cı ilin iyununda edib. Təqdim etdiyi sənədlər əsasında o, gözləmə siyahısına daxil edilib.
Mərkəzdən həmçinin bildirilib ki, xəstənin canlı donoru yoxdur. Buna görə də transplantasiyanın həyata keçirilməsi meyit donorluğu yolu ilə uyğun donor orqanının əldə edilməsindən asılıdır.
Bu barədə müraciətçiyə də müvafiq məlumat verildiyi qeyd olunub.

