Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşən daha 5 şəhidin nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilib.
Birinci Qarabağ müharibəsində itkin düşən iki şəhidin nəş qalıqları uzun illər sonra müəyyənləşdirilib və dəfn olunub.
Laçın rayon sakini Cümşüd Məmmədov 1992-ci il mayın 18-də Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər aparılan axtarış və araşdırmalar nəticəsində onun nəş qalıqları müəyyən edilərək ailəsinə təhvil verilib.
Şəhid Cümşüd Məmmədovla Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən 552 saylı qəsəbədə vida mərasimi keçirilib. Mərasimdə onun ailə üzvləri və yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi Laçına aparılıb. Cümşüd Məmmədov Laçın Şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Birinci Qarabağ müharibəsində itkin düşmüş digər şəhid Akif Cəbrayıl oğlu Qurbanovun da nəş qalıqları müəyyənləşdirilərək torpağa tapşırılıb.
1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olan Akif Qurbanov 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi ərazisində itkin düşüb.
Onunla Binəqədi rayonunun Sulutəpə qəsəbəsində vida mərasimi təşkil olunub. Tədbirdə şəhidin doğmaları ilə yanaşı, Rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbçilər və ictimaiyyət üzvləri iştirak ediblər.
Vida mərasiminin ardından Akif Qurbanovun nəş qalıqları Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mənbə: Report













