Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Sədəf küçəsində yaşayan sakinlər ərazidə fəaliyyət göstərən quşçuluq fermasından narazıdırlar.
Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, sakinlər fermadan yayılan kəskin qoxunun gündəlik həyatlarına ciddi təsir göstərdiyini bildirirlər.
“Pəncərələri aça bilmirik”
Sakinlərin sözlərinə görə, ətrafa yayılan qoxu səbəbindən həyətə çıxmaq, evin pəncərələrini açmaq belə çətinləşib. Onlar xüsusilə uşaqların sağlamlığı ilə bağlı narahatlıq keçirdiklərini qeyd edirlər.
Sakinlər iddia edirlər ki, fermada 500-dən çox ev quşu saxlanılır. Onların bildirdiyinə görə, yaranmış problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək nəticə əldə edə bilməyiblər.
Ferma sahibi sakinlərlə razılaşmır
Ferma sahibi isə ərazidəki fəaliyyətinin qanuni olduğunu bildirir. O, əksinə, yaxınlıqdakı yaşayış evlərinin qanunsuz tikildiyini iddia edir.
Beləliklə, sakinlərlə ferma sahibi arasında ərazidən istifadə və təsərrüfatın fəaliyyəti ilə bağlı mübahisə yaranıb.
Mübahisəyə məhkəmədə baxılır
Qeyd edək ki, tərəflər arasında yaranan mübahisə hazırda məhkəmə müstəvisində araşdırılır. Məsələyə hüquqi qiymət veriləcək və yekun qərar məhkəmə tərəfindən qəbul olunacaq.

