Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, noyabrın 3-də saat 09:38 radələrində Xocasən–Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cavid Ağayevin idarə etdiyi “Toyota Prado” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A. Abdullayevanı vurub.
Qəza nəticəsində qadın xəsarət alıb. Körpənin vəziyyətinin normal olduğu bildirilir.
Sürücü hadisə zamanı yatdığını etiraf edib
Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı Cavid Ağayev sükan arxasında yuxuya getdiyini, hadisənin necə baş verdiyini xatırlamadığını bildirib.
O, həmçinin əvvəllər də avtomobil idarə edərkən dəfələrlə yuxuya getdiyini etiraf edib.
Yuxulu halda avtomobil idarə etmək faciəyə səbəb ola bilər
Sürücünün sükan arxasında dəfələrlə yuxuya getdiyini bildiyi halda yenidən avtomobil idarə etməsi ciddi məsuliyyətsizlikdir. Belə davranış təkcə sürücünün deyil, digər hərəkət iştirakçılarının, o cümlədən uşaqların həyatını təhlükə altına qoyur.
Unutmaq olmaz ki, yuxulu halda sükan arxasına əyləşməmək, yolda yorğunluq hiss edildikdə isə təhlükəsiz yerdə dayanaraq dincəlmək hər bir sürücünün məsuliyyətidir.

